AFFA "Peşəkar hakim" statusunun nədən ibarət olacağı ilə bağlı məlumat yayıb.
Qurumun rəsmi saytı yeni sistemin maddələrini ictimaiyyətə açıqlayıb:
AFFA-nın İcraiyyə Komitəsinin 2021-ci il avqustun 19-da keçirilmiş iclasında 2021-ci il sentyabrın 1-dən etibarən Azərbaycan premyer-liqasının oyunlarını idarə edən hakimlər üçün “Peşəkar hakim” statusu sisteminin tətbiq olunması barədə qərar qəbul olunub.
- Premyer-liqa oyunlarını idarə edən 10 referi (baş hakim) və 15 referi köməkçisinə peşəkar hakim statusu veriləcək.
- Peşəkar statusu ilə bağlı həmin hakimlərin hər biri ilə müvafiq müqavilə imzalanacaq.
- Peşəkar hakim statusuna malik olan referilərə oyunlara təyinat alıb-almamasından asılı olmayaraq, aylıq 1000 AZN (gross), referi köməkçilərinə isə 700 AZN (gross) məvacib ödəniləcək.
- Peşəkar statusa malik hakimlər əvvəlki qaydada hər oyun üçün müvafiq qonorar da alacaqlar.
- Peşəkar statusa malik hakim digər işdə də çalışa bilər, lakin həmin şəxs üçün prioritet hakimlik olmalı, seçim qarşısında qalarsa, üstünlüyü peşəkar hakim statusu ilə əlaqədar bağladığı müqaviləyə verməlidir.
- Ciddi səhvə yol verəcəyi təqdirdə, müvafiq hakim peşəkar statusundan müəyyən müddətə məhrum oluna bilər.
- Peşəkar statusu ləğv olunan hakim aylıq ödənişdən məhrum olunur və oyunlara təyinat alacağı təqdirdə, həmin hakimə yalnız qonorar ödəniləcək.
- Hakimlərin peşəkar statusdan məhrum olunması ilə bağlı qərar Hakimlər Komitəsi tərəfindən qəbul olunur. Zərurət olacağı təqdirdə AFFA prezidenti və/və ya İcraiyyə Komitəsi hakimlərin peşəkar statusdan məhrum olunması səlahiyyətinə malikdir.
- Hakimlərə peşəkar statusun verilməsi, statusdan məhrum və bərpa olunması ilə bağlı məsələlərə Hakimlər Komitəsi tərəfindən mütəmadi qaydada baxılacaq, bununla bağlı ictimaiyyətə şəffaf şəkildə məlumat veriləcək.