Belə görünür ki, Kilian Mbappe PSJ-də Lionel Messi ilə birgə oynamayacaq. Fransız ulduz parislilərin müqavilə müddətini uzatmaqla bağlı son təklifini də rədd edib və danışıqlardan boyun qaçırıb.
Bu mövzuda son günlərdə yaşananları ümumiləşdirmək qərarına gəldik.
İspaniya mətbuatı iddia edir ki, fransızın “Real”a keçidi zaman məsələsidi. Klublar artıq razılığa gəlib və elə dünən transfer rəsmi şəkildə açıqlanmalıydı. Kilianın müvafiq açıqlamadan dərhal sonra Madridə uçacağı, sənədləri imzalayacağı, ardından Fransa yığmasının oyunlarına köklənəcəyi gözlənilirdi.
“Real” PSJ-yə əvvəlcə 170 milyon avro + 10 milyon bonus təklif etmişdi. Bu məbləğ Paris klubunun rəhbərliyini razı salmadığından madridlilər əsas məbləğin üzərinə daha 10 milyon qoydu və yalnız bundan sonra PSJ danışıqlara başlamağa razı oldu. Bu arada İspaniyanın “Deportes Cuatro” nəşri Mbappenin artıq PSJ-dəki oyundaşları ilə vidalaşdığı və onlara yaxın iki gündə “Real”a keçəcəyini dediyi haqda xəbər yayıb. Görünür, Kərim Benzema bu transfer ətrafında yaşananlardan hamıdan daha artıq dərəcədə xəbərdardı. O, “tvitter” hesabında Romario ilə Ronaldonun Braziliya yığmasındakı birgə şəklini yayaraq, altında bu sözləri yazıb: “Bax, futbolu buna görə sevirəm”. Məhz Romario Ronaldonu əvvəlcə PSV-yə, ardından “Barselona”ya dartıb (düzdü, onlar birlikdə oynamayıblar). Çox güman, bu keçiddə Kərimin də əməyi var.
Düzdü, “L’Equipe” heç də hər şeyin birmənalı şəkildə həllini tapmadığını yazır. Mbappenin PSJ-də qalmaq ehtimalı da var. Futbolçu komanda ilə birgə məşq edir, söz verib ki, satılmayacağı halda, qiyam qaldırmayacaq, sakitcə mövsümü başa vuracaq. Maraqlıdı ki, klub prezidenti Nasser Əl-Xelayfi də Çempionlar Liqasnın püşkatma mərasimində transferdən imtinadan danışıb: “Klubun mövqeyi aydındı, heç nə dəyişməyib, hər şey əvvəlki kimi qalır”. PSJ-ni özündən çıxaran məqam budu ki, “Real” klubun başı üzərindən Mbappe ilə təmas qurur. Amma şeyxlər özləri də yaxşı anlayırlar ki, Mbappeni Parisdə saxlamağa dəyməz, əksinə, “Real”a satmaq ləyaqətli variantdı. Fransızın getmək istəyi yerə-göyə sığmır, müqavilə müddətini uzatmır. Sadəcə, PSJ-nin iştahı bir qədər artıqdı. Əl-Xelayfi ona görə 220 milyon avro istəyir ki, həm Kilianın transferinə xərclədiyi 180 milyonu qaytarsın, həm də bir qədər irəli düşsün. Yuxarıda vurğuladığımız kimi, madridlilər artıq 180 milyon təklif edir, yəni PSJ bu transferdə heç nə itirməyəcək.