
Hakim qaydaları bilmir?!
''Beşiktaş'' dünən superliqanın 3-cü turunda öz meydanında ''Fatih Karagümrük''ü çətinliklə də olsa, minimal hesabla yenməyi bacardı.
"Football-plus.az" saytının məlumatına görə, Aleks Teyşeyranın 30-cu dəqiqədə vurduğu qol oyunda yeganə olub. İstanbul nəhəngi demək olar ikinci hissəni azlıqda keçirməli oldu. Belə ki, Salih Uçan 48-ci dəqiqədə 2-ci sarı vərəqəni alaraq peşəkar karyerasında ilk dəfə meydandan qovuldu!
''Qartal''ın baş məşqçisi Sərgən Yalçın oyundan sonra keçirilən mətbuat konfransında hakimlikdən narazılığını dilə gətirərkən 4-cü hakimlə bağlı gündəmə düşən və müzakirələrə səbəb olan bir açıqlama verdi. Qırmızı vərəqədən sonra Yalçın Teyşeyranın əvəzinə meydana müdafiəyəmeyilli Nəcip Uysalı buraxdı. Baş məşqçi açıqlamasında bu dəyişikliyi 4-cü hakimin onlara ''meydanda mütləq 3 yerli futbolçu olmalıdı'' deməsi ilə izah etdi. Halbuki indiki limit ''8+3''dü. Yəni meydandakı əcnəbilərin sayı 8-i ötməməlidi. ''Beşiktaş'' azlıqda qaldıqdan sonra heyətində 8 əcnəbi və 2 yerli oyunçu var idi. Başqa sözlə desək, Yalçının Teyşeyranın yerinə meydana əcnəbi oyunçu buraxmaq ixtiyarı var idi. Bu durumda limit zatən pozulmayacaqdı. Belə çıxır ki, ya Sərgən Yalçın yalan danışır, ya da 4-cü hakim oyunun qaydalarını bilmir. Qalmaqal doğuran daha bir məqam odu ki, 4-cü hakimin ümumiyyətlə əvəzetmələrə qarışmaq hüququ yoxdu!
Sözügedən matçın 4-cü hakimi Onur Özütoprak idi. O, əsasən 1-ci liqa oyunlarına əsas hakim kimi təyinat alır. Elita maçlarında isə bir qayda olaraq 4-cü hakim kimi çalışır. Özütoprak indiyə qədər superliqada yalnız bir dəfə - 2014/15-də ''Mersin İdman Yurdu''nun səfərdə ''Gənclərbirliyi''ni 2:1 hesabı ilə yendiyi oyunda baş hakim olub.