
"Özümü hələ də "Qarabağ"ın üzvü sayıram" - Nurlan İbrahimov
Konfrans Liqasının pley-off mərhələsində "Aberdin"i məğlub edən "Qarabağ" qrupa vəsiqə qazandı.
Avropadakı yeganə təmsilçimizin uğuru hər birimizi sevindirdi. Bununla bağlı “Qarabağ”ın sabiq mətbuat katibi Nurlan İbrahimovla həmsöhbət olduq:
- Öncə sizi təbrik edirik. "Qarabağ" yenə qrupa vəsiqə qazandı. Əvvəlki illərdə siz də komandada idiz. Bu dəfə kənardan hansı hissləri keçirdiniz?
- Təbriklərə görə təşəkkür edirəm. Təbii ki, eyni həyəcanı yaşadım. Bunu ilk dəfə 2009-cu ildə pley-offda məğlub olarıda yaşadım. Bu gün "Qarabağ"da olmaya bilərəm, amma mən həmişə qarabağlı olaraq onu yaşayıram. Dostlarımız ilə həm "Neftçi", həm də "Qarabağ"ın oyununa baxırdıq. Mən özümü hələ də komandanın üzvü sayıram. İllər keçsə belə, bu dəyişməz. İnanıram ki, "Qarabağ" hələ uzun illər qrup mərhələsinin həyəcanını yaşadacaq bizə.
- Həmin anlarda komandanın yanında olmaq istərdiz?
- Tam səmimi deyirəm, özümü orda hiss edirəm. Çünki "Qarabağ"da möhtəşəm insanlar var. Hansı ki, o insanları qazanmışam. Ona görə də "Qarabağ"dan öncə və sonra da münasibətdə olduğum insanlar var. Hər işdə bir xeyir var. Mən bu gün orda olmamalıyamsa, deməli, belə yazılıb, belə olmalı imiş. Bir sözlə, özümü komandanın yanında hiss edirəm.
- "Qarabağ"dan kimləri təbrik etdiz?
- Əmrah Çəlikəl, Qurban Qurbanov və Asif Əsgərovu təbrik etdim. Hər kəslə bir-bir əlaqə saxlasaydım, uzun proses olardı. Çünki gərək çox adamı təbrik edim. Demək olar ki, hər biri ilə gündəlik görüşürəm. Üzbəüz görüşdüyüm zaman da təbrik edəcəm, danışacağıq bu barədə, emosiyaları bölüşəcəyik. Məni də təbrik edənlər var idi: istər futbol ictimaiyyəti, istərsə də azarkeşlər. Təşəkkür edirəm onlara ki, məni "Qarabağ"ın bir hissəsi kimi görürlər.
- Klubdan ayrılmağınızla bağlı məlum məsələdə irəliləyiş var?
- Artıq 1 ilə yaxınlaşır, ötən il oktyabrın 29-da olmuşdu. Hər kəs bilir ki, bu, uzun bir proses oldu. Haqqımız uğrunda mübarizəmizi davam etdirdik. Yəni bu məsələyə bir Azərbaycan vətəndaşı kimi yanaşırdım və yanaşıram. Bu istiqamətdə də UEFA bizə haqqımızı müdafiə etmək şansı vermədi. Ona görə CAS-a müraciət etdik. UEFA-dan CAS-a bildirildi ki, bu məsələyə baxılmasın. Biz müraciətimizi etmişik. Məsələ bu istiqamətdə irəliləyir. Onlardan məhkəmə istəmişik. UEFA isə məhkəmə belə olmasın istəmir. Hələ ki proses belə davam edir.
GÜNAY VƏLİYEVA