"Neftçi" Mamadu Kanenin "Olimpiakos"a keçidinə razılıq verib.
Bu məlumatı "Football-plus.az" saytına açıqlamasında klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev verib. "Ağ-qaralar"ın rəsmisinin sözlərinə görə, flaqman və "Olimpiakos" arasında futbolçunun transferi ilə bağlı razılıq əldə olunub:
"Mamadu Kane üçün "Olimpiakos" klubundan bizə rəsmi təklif gəlib. Transferlə bağlı qarşı tərəflə bütün şərtləri razılaşdırmışıq. Futbolçumuza "Olimpiakos"la danışıqlar aparmağa icazə vermişik. Oyunçu istədiyi vaxt Yunanıstana gedib, klubla danışıqlar apara, tibbi baxışdan keçə bilər. Bu proses öz aralarında şərtlər razılaşdırılarsa, baş tutacaq. Biz tərəfdən Kanenin transfer olunması ilə bağlı heç bir problem yoxdu. Çünki yenə deyirəm, "Olimpiakos"la bütün şərtləri razılaşdırmışıq".
İLKİN SULTANLI