Bu transfer dönəmində adından ən çox söz etdirən klublardan olan superliqanın debütantı ''Adana Dəmirspor'' 3-cü turda da qələbəyə həsrət qaldı.
İlk turda evdə ''Fənərbaxça''ya uduzan, 2-ci turda Kayseridən 1:1-lik bərabərliklə dönən Adana təmsilçisi dünən evdə ''Konyaspor''la da heç-heçə oynadı (1:1). Halbuki Mario Balotelli, Yunes Belhanda, Benjamin Stambuli kimi tanınmış oyunçuları transfer edən bu kollektivdən daha uğurlu çıxış gözlənilirdi.
Maraqlıdı ki, sonuncu dəfə elitada oynadığı 1994/95 mövsümünü də nəzərə alsaq, adanalıların Türkiyə çempionatında qələbə həsrəti artıq 32 oyuna çatıb!
Bu arada intizamsız futbolçu imiciylə tanınan Balotelli belə desək, Türkiyədə ilk hoqqanı verib. Ünlü italyan hesab 0:0 olarkən 57-ci dəqiqədə nigeriyalı Okeçukvu Ezeh ilə əvəzlənərək meydanı tərk etməli olub. 31 yaşlı futbolçu baş məşqçi Samet Aybabanın bu qərarına çox emosional reaksiya verərək əvvəlcə su şüşəsini əsəbi şəkildə yerə çırpıb, sonra ehtiyat oyunçular skamyasını yumruqlamağa başlayıb. Heç cür sakitləşməyən Balotelli daha sonra birbaşa paltardəyişmə otağına yollanıb.
Təcrübəli futbolçu bu mövsüm hər 3 oyunda start heyətində meydana çıxaraq ümumilikdə 209 dəqiqə oynamaq şansı qazansa da, hələ ki, qol hesabını aça bilməyib. Onun aktivində yalnız 1 məhsuldar ötürmə var.