Avqustun 19-da AFFA-nın İcaraiyyə Komitəsinin iclası keçirildi və müzakirələrdən sonra bəzi qərarlar qəbul olundu.
Onlardan biri diqqəti çəkdi. Belə ki, sentyabrın 1-dən etibarən premyer-liqa hakimləri ilə bağlı “Peşəkar hakim” layihəsi tətbiq olunacaq. Görəsən, bu yenilik nə vəd edir? Suallarımıza cavab tapmaq üçün Hakimlər Komitəsinin sabiq sədrləri ilə danışdıq.
Əli Hüseynov: “Layihənin yeni inkişaf yolu olduğunu düşünürəm. AFFA resurs məsələsini həll etməyə qadirdi. Bu addımı dəstəkləməliyik. Yerində saymaq lazım deyil. Hesab edirəm ki, çox yaxşı ideyadı və mütləq həyata keçirilməlidi. Üzərində çalışmaq lazımdı. Hakimlərimiz Avropada sözünü deməyə qadirdilər. Onların yolunu açmaq üçün şərait yaradılmalıdı. Bizim digər ölkələrdən geri qalmağa haqqımız yoxdu. Avropaya nümunə olacaq hakimlər yetişdirməyə qadirik. Çox təcrübəli mütəxəsisslərimiz var. Buna davam etməliyik”.
Gülağa Cabbarov: “Hakimliyə diqqət yetirilməsi sevindirici haldı. Peşəkarlaşmağa doğru növbəti addım atılır. Bunu dəstəkləyirəm. İcraiyyə Komitəsinə inkişafa xidmət edən qərara görə təşəkkür edirəm”.
Xaqani Məmmədov: “Çox yaxşı və yerində verilən qərar olduğu fikrindəyəm. Bu olmalıydı. Bütün dünya ölkələri bu sistemlə gedir. Düzdü, hələ ki çox az yerdə “Peşəkar hakim” layihəsi var. Yəqin ki, yetərincə resurs olduğuna görə bu qərar verilib. Bildiyiniz kimi, “Peşəkar hakim” layihəsi adi bir şey deyil. Ümid edirəm ki, baş tutar. Həyata keçirilsə, ölkəmiz üçün uğurlu olacağını düşünürəm”.
SƏNƏM FƏRHADOVA