Dünən Avropa liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında “Legiya” “Slaviya”nı 2:1 hesabı ilə məğlub edib.
“Football-plus.az” saytının məlumatına görə, Polşa təmsilçisinin baş məşqçisi Çeslav Mixneviç oyundan sonra baş tutan mətbuat konfransında bu sözləri deyib:
"Mahir deyir ki, böyüdüyü Azərbaycanda futbol oynamağı özü öyrənib. Bu gün onun üçün çox şey yenidi. Taktikaları və hərəkətləri öyrənir. Onun sözlərinə görə, 12 yaşında "Legiya" və ya başqa klubun akademiyasına qoşulsaydı, artıq bəzi vərdişləri inkişaf etdirərdi. Bu gün ondan gözlədiyimiz bəzi vərdişləri öyrənir. Bu, ilk olaraq topsuz qaçmaqdı. Jozue Soareş kimi topu ayağında saxlamağı sevən oyunçudu. Mahirin hələlik bir problemi var. O, hər zaman topla oynamaq istəyir. Biz də onun boş mövqelərə qaçmasını istəyirik. Bu, "Slaviya" ilə oyunda bir neçə dəfə yaxşı alındı. Norveç "Bude-Qlimt"inə qarşı da bu şəkildə qol vurmuşdu. Bunu daim etməsini istəyirik".
Qeyd edək ki, hücumçu "Slaviya" ilə ilk oyunda komandasının bir, cavab görüşündə hər iki qolunun müəllifi olub.