Tokio-2020 Paralimpiya Oyunlarında paracüdo yarışları start götürüb.
"Football-plus.az"ın məlumatına görə, bu gün 4 paracüdoçumuz mübarizəyə qoşulub.
60 kq çəkidə yarışan Vüqar Şirinli 1/4 finalda türkiyəli Rəcəb Çiftçi ilə qarşılaşıb. Bu görüşdə qələbə qazanan paralimpiyaçımız yarımfinalda rumıniyalı Aleks Boloqu məğlub edib. Vüqar finalda qazaxıstanlı Anuar Sarıyevlə üz-üzə gəlib. Bu döyüşdə də qalib gələn idmançımız çempion olub.
66 kq-da Namiq Abaslı ispaniyalı Serxio İbaneslə döyüşlə başlayıb. Rəqibinə məğlub olan idmançımız təsəlliverici görüşlərə çıxıb. O, ilk öncə Luis Peresi (Puerto-Rika), ardından Viktor Rudenkonu (Rusiya) yarışdan kənarlaşdırıb. Beləcə bürünc medal uğrunda döyüşə vəsiqə qazanan Abaslı burda ukraynalı David Xorovanla qarşılaşıb. Rəqibini məğlub edən idmançımız fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
48 kq çəkidə Şəhanə Hacıyeva 1/4 finalda yaponiyalı Şizuku Hanqayini, yarımfinalda Viktoriya Potapovanı (Rusiya) məğlub edərək adını finala yazdırıb. O, qızıl medal döyüşündə fransalı Sandrin Martinlə görüşüb. Son döyüşdə də rəqibinə qalib gələn Hacıyeva millimizə paralimpiadada ilk qızıl medalı gətirib.
52 kq-da çıxış edən daha bir qadın paracüdoçumuz Bəsti Səfərova çıxışını uğursuz başa vurub. İdmançımız ilk döyüşdə yaponiyalı Yuyi Fujivaraya, təsəlliverici görüşdə isə ukraynalı Nataliya Nikolayçuka uduzub.