Qarşıdakı iki gündə Avropa futbolunun diqqəti İstanbula yönələcək.
"Football-plus.az" saytının məlumatına görə, avqustun 26-da Çempionlar Liqasının, 27-də isə Avropa Liqası və Konfrans Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Bu arada UEFA-dan verilən rəsmi açıqlamada qeyd olunub ki, Konfrans Liqasının püşkünü yaxın keçmişin məşhur türkiyəli futbolçusu Nihat Kahveci ilə sabiq albaniyalı yarımmüdafiəçi Lorik Tsana atacaq. Nihat bilindiyi kimi, 2002-2009-cu illərdə Türkiyəni İspaniyada gözəl şəkildə təmsil edərək yaddaşlarda böyük iz buraxmışdı. O, hazırda futbol şərhçisi kimi fəaliyyət göstərir.
Tsanaya gəlincə, o hazırda Albaniya Futbol Federasiyasında çalışır və uşaq futboluna nəzarət edir. Konfrans Liqasının finalı Albaniyanın paytaxtı Tiranada keçiriləcəyindən Tsana həm də UEFA tərəfindən finalın elçisi seçilib. Tsana bir mövsüm (2010/11) ''Qalatasaray''ın da şərəfini qoruyub.
Qeyd edək ki, Konfrans Liqasının püşkatması cümə günü Bakı vaxtı ilə saat 14.00-da başlayacaq.