AFFA İcraiyyə Komitəsinin avqustun 19-da keçirilən onlayn iclasında qəbul olunan qərarlardan biri də hakimliklə əlaqədardı.
Qərarda göstərilib ki, bu il sentyabrın 1-dən etibarən premyer-liqa hakimləri ilə bağlı “Peşəkar hakim” sistemi tətbiq olunsun. Başqa bir qərarda cari mövsümün yarısından VAR sisteminin tətbiqi nəzərədə tutulub:
Bəs qeyd olunan dəyişikliklər nə vəd edir? Bunun ölkə futboluna nə xeyri dəyəcək? Bu suallara cavab tapmaq üçün Tahir Süleymanova müraciət etdik.
Beynəlxalq dərəcəli referi “Football-plus.az” saytına bunları söylədi:
Bir tərəfdə klublar dağılır, köhnə qurğular bir yana, bölgələrdə inşa olunan müasir stadion-bazalar böyük futbolsuz qalıb. Azərbaycan futbolu son 15 ildə tənəzzülün pik həddini yaşayır. Futbolun əhatə dairəsi artıq Abşeron yarımadasından ibarətdi və bu illər ərzində futbola gətirilən bir qrup insanın rifahına xidmət edir. Belə bir durumda vəziyyətdən çıxış yollarının axtarılması əvəzinə olan-olmayan klubları, “açıq Bakı birinciliyi"ni nizamlamaq üçün milyonlar xərcləyib VAR sistemi haqda düşünülür. Müasir tələblərdi, bu, öz yerində. İnkişaf etmiş, bütün strukturları sistemli, işlək hala salınmış futbol ölkələrində buna tələbat, ehtiyac var.
VAR sisteminin müzakirəsi ümumi futbol sistemindəki sayı-hesabı bilinməyən problemlərlə birgə qaldırılmalı, həll edilməlidi. Futbolda həyəcan təbilinin çalınması zamanı çoxdan yetişib. Hakimliklə bağlı peşəkarlaşma addımları müsbət məqamdı. Hələ Yuhanssonun dönəmində UEFA-da bu məsələlər qaldırılır, peşəkarlığa keçid dəstəklənirdi. Biz, FİFA referiləri də bu yöndə ciddi addımların atılmasını səbirsizliklə gözləyirdik. Təəssüf ki, FİFA başbilənləri, əsasən Blatter bu işə qol qoymurdu. İndiki hakimlərin bu baxımdan bəxtləri gətirib. Hakimlərin hazırlıqlığı ilə bağlı ciddi problemlər var və ilk turlardan nəticəyə təsir edən kobud səhvlər özünü açıq göstərir. İcraiyyə Komitəsi qərar verib, necə olacağı, detalları hazırlanacaq, sonra açıqlanacaq. Beynəlxalq dərəcəli hakim kimi peşəkar yöndə atılan addımların tərəfdarıyam. Bununla paralel ümumi futbol problemlərinin müzakirəsi, dönüşün yaradılması daha önəmli və mütləqdi”.
RƏŞAD