Azərbaycan premyer-liqasının 2-ci turunda "Neftçi" səfərdə "Zirə"ni məğlub etdi - 2:1.
Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov məğlubiyyət haqda danışdı:
"Maraqlı oyun oldu. Xüsusilə ikinci hissə yaxşı alındı. Hava şəraiti ilk yarıda tempə təsir edirdi. Bizim üçün oyun pis getmirdi. Rəqibin səhvini gözləyirdik. Oyunu bərabərləşdirdiyimiz anda o cür qol buraxmağımız komandaya pis təsir etdi. Ancaq oyundan qopmadıq, daha yaxşı alınmağa başladı oyunumuz. Əks-hücumdan qol buraxdıq. Bununla belə, mübarizə apardıq. Fərqi azaltdıq, ancaq vaxt yetmədi. “Neftçi”ni təbrik edirəm".
- “Neftçi”nin orta xəttinin liderləri meydanda yox idi. Düşünmək olardı ki, “Zirə” mərkəzdə üstünlük qazanacaq, ancaq əksinə oldu...- Bizim orta xətdən də danışaq. Hacıağa Hacılı və Stoilov zədəli idi. Mövsümdən öncə hazırlaşdığımız orta xətt yox idi. Həmişə bu belə olub. Həmişə biz itkilərlə çıxırdıq, ancaq rəqibin baş məşqçisinə belə sualalr verilmirdi. Mən istərdim ki, “Neftçi” tam heyətlə oynasın. Belədə, rəqibin oyununu oxumaq asan olur. Samir Abasovdan rotasiya gözləyirdik. Ancaq “Qarabağ”, “Neftçi”nin əvəzedici oyunçuları belə kifayət qədər keyfiyyətlidi. Ramin Əhmədovu bu gün Bask və Kanedən yaxşı görürüksə, lap yaxşı. Buna qədər onu görən yox idi, mən görmüşəm. Məcburiyyətdən Qisməti mərkəzdə oynadırdıq. Əlimdə heyət yoxdu. Daha çox gənc oyunçular idi. Düşünürəm ki, yaxın gələcəkdə istədiyim geniş heyəti qura biləcəm, seleksiyanın bəhrəsini görəcəm. Vaxt da azdı. Bunlar da futbolun hissəsidi. Yeni transferlər olsa lap yaxşı, olmasa da işimizə davam edəcəyik.
- Ötən mövsüm parlaq Cəlal Hüseynovu görürdük. İndi sanki “itib”. Bu, ilk turlarda güclü rəqiblərlə üzləşməyinizlə bağlıdı, yoxsa geriləyib?- Püşkatmadan somra oyun planımızda dəyişiklik oldu. Tam fərqli hazırlaşırdıq. İlk turlarda favorit komandalarla düşməyimiz təsir etdi. Onlar daha uzun müddət hazırlaşa bilmişdilər. Bunları nəzərə alıb dəyişikliklərə getdik. Cəlal perspektivli oyunçudu. Bəzi məqamları düzəltməlidi. Mən həssas, hər şeyə diqqət edən insanam. Hansı istəklə məşq edirdisə, elə də davam etməlidi.
- “Neftçi”nin ilk qolunda oyundankənar vəziyyət olub-olmadığı müzakirə olunur. Ötən oyun da qolunuz sayılmamışdı. “Zirə”nin haqqımı yeyilir?- Gənc məşqçiyəm. Bir il içində hakim səhvlərindən bezmişəm. Tək bizim oyunlarla bağlı deyil. Bununla bağlı 1-2 saatlı prezentasiya edə bilərəm. Nə qədər belə davam edəcək, bilmirəm. İstəmərəm ki, xeyrimizə səhv olsun. İstəyirəm, ədalətli hakimlik olsun. Çox ikili standartlar var. Peşəm məşqçilik olmasaydı, bununla bağlı geniş prezentasiya edərdim. Futbolçular əziyyət çəkir. Digər oyunlardakı epizodlara da baxırsan, fikirləşirsən ki, mən bu işi görüm, ya yox. Mövsümdən əvvəl də bu fikirlərimiz var idi. Ştuxlik ötən mövsüm kubokdakı penalti epizodunu şərh etmişdi heç vaxt danışmayan adam... Onda bütün epizodları şərh etsin. Belə ikili standartlar var. Çox danışmaq istəmirəm.
- Qış fasiləsindən sonra VAR sistemi tətbiq olunacaq. O zaman bu səhvlərin aradan qalxacağına inanırsız?- Bilmirəm. Çünki şərh edəndə elə sözlər deyilir ki, VAR-a baxanda da belə danışa bilərlər. Mübahisəli epizodlara müxtəlif cür şərh vermək olar. Azərbaycan futbolunda iki eyni epizod göstərərəm, birində penalti verilib, digərində yox. VAR yaranandan sonra nə baş verəcəyini zaman göstərəcək. Oturub VAR-ı gözləmək də düzgün deyil. Ona qədər ziyanımıza qərarlar olmalıdı? Bununla qəti razı deyiləm.