Futzal üzrə Çempionlar Liqasında təsnifat mərhələsinin oyunları davam edir.
“Araz”ın da yer aldığı F qrupunun oyunları Latviyada keçirilir. Naxçıvanlıların startda Cəbəllütariq “Avropa”sını 9:2 hesabıyla məğlub etdiyini xəbər vermişdik.
Qrupun digər oyununda isə Finlandiya təmsilçisi “Kampuksen Dinamo” meydan sahibi “Raba”dan üstün olmuşdu – 5:0. Bu gün qrupda 2-ci turun oyunları keçirilir.
Əvvəlcə meydana finlərlə Azərbaycan çempionu çıxıb. “Araz” artıq 8-ci dəqiqədə 2:0 önə çıxsa da, qələbə hesabını qoruya bilməyib. Hesab 2:2 olandan sonra naxçıvanlılar bir daha önə keçib. Amma finlər daha iki qol vurmaqla hesabı 4:3 edib. Nəhayət, sona 7 dəqiqə qalmış Şocayi bərabərlik qolunu vurub – 4:4.
“Araz”ın heyəti: Rövşən Hüseynli, Ramiz Çovdarov, Rodriges, Borges Souza, Perreyra – Emin Kürdov, Rizvan Fərzəliyev, İsa Atayev, Xətai Bağırov, Əmir Şocayi, Hadi Əhmədi, Tofiq Mikayılov.
Bugünkü “Raba” – “Avropa” oyunu Bakı vaxtı ilə 20.00-da başlayacaq. Qrupda son turun oyunları avqustun 24-də keçiriləcək.
Xatırladaq ki, növbəti mərhələyə 8 qrupun qalibi və 2-ci yeri tutan komandalardan ən yaxşı göstəricilərə malik biri çıxacaq.