
Aktual / Manşet
462
22.08.2021, 17:30
"Sabah" futbolçusuna xəbərdarlıq etdi - AÇIQLAMA
"Sabah"ın və millimizin futbolçusu Aleksey İsayev koronavirusdan müalicəsini evdə davam etdirir.
26 yaşlı yarımmüdafiəçinin testinin cavabı pozitiv çıxandan sonra sosial şəbəkədə Dağüstü parkdan paylaşdığı videoyla bağlı anlaşılmazlıq yaranıb. Həmin görüntülər insanlar arasında böyük ajiotaj yaradıb ki, İsayev xəstə ola-ola çıxıb şəhərdə gəzir. Futbol ictimaiyyəti və jurnalistlər sosial şəbəkələrdə haqlı olaraq Azərbaycan millisinin üzvünü tənqid atəşinə tutub. Onlar futbolçunun klub tərəfindən cəzalanmasını tələb edirlər. Masazır təmsilçisi bu barədə nə qərar verəcək?
Bununla bağlı klubun mövqeyini öyrəndik. "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məsələyə belə aydınlıq gətirdi:
"Klubumuz həmişə bu məsələlərə həssas yanaşıb. COVID-19-la bağlı qadağalara riayət edilməsi üçün "Sabah"ın həkimi futbolçularla mütəmadi söhbətlər aparır. Klubumuzun oyunçuları da daxil olmaqla bir çox şəxs COVID-19 əleyhinə peyvənd də olub. O ki qaldı Alekseyin paylaşımına, bu məsələ ilə bağlı futbolçunun özü ilə danışmışıq. İsayev özü də mətbuata açıqlamasında sözügedən videonun koronavirus testinin nəticəsi pozitiv çıxmamışdan əvvəl çəkildiyini bildirib. Sadəcə, videonu dünən paylaşması bir qədər söz-söhbətə səbəb oldu. Onunla bu barədə yenidən danışmışıq. Bizə nəticəsi pozitiv çıxdıqdan sonra olan müddətdə evdə olduğunu və qaydalara tam riayət etdiyini bildirdi. Klub tərəfindən sosial izolyasiya qaydalarına əməl etməyin vacibliyi futbolçunun diqqətinə bir daha çatdırıldı".
İLKİN SULTANLI