Ötən sayımızda Region Liqasında mübarizə aparan “Ağsu Siti”nin prezidenti Rəmzi Eminlinin stadionla bağlı şikayətdolu müsahibəsini dərc etmişdik.
Klub prezidenti Ağsu şəhər stadionunun qapılarının üzlərinə bağlandığını, arenadan istifadə qarşılığında AFFA tərəfindən onlardan 1000-1500 manat icarə haqqı tələb edildiyini bildirmişdi:
“Təəssüf ki, bəzi bürokratlar iki ildi Ağsu şəhər stadionunu əlimizdən alıblar. Stadionun qapısını üzümüzə bağlayan arenanın əvvəlki direktoru Elnur Əliyevi işdən çıxardılar. Ondan sonra bizə dedilər ki, stadion AFFA-ya verilib. Bu dəfə assosiasiya ilə əlaqə saxlyıb, stadionun xidmətindən yararlanmaq istədiyimizi bildirdik. Ancaq bu dəfə onlar bizə dedilər ki, ayda 1000-1500 manat ödəməklə arenadan istifadə edə bilərik. Biz hər dəfə Sərxan müəllimlə (AFFA-nın baş katibinin müavini Sərxan Hacıyevi nəzəırdə tutur – R.) əlaqə saxlayırdıq. O bizə görə neçə dəfə xahiş etdi, Elxan Məmmədova durumu anlatdı. 100-200 manat olsaydı, nəsə etmək olardı. İndi tələb olunan məbləği ödəməyimiz qeyri-mümkündü”.
Məsələ ilə bağlı əvvəlcə müsahibədə adı çəkilən Sərxan Hacıyevlə əlaqə saxladıq. Baş katibin müavini assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə danışmağımızı istədi. Onun dediyi yoll gedib Firuz bəyə müraciət etdik:
“Qeyd etdiyiniz müsahibə ilə tanışam. Bununla bağlı rəhbərliyin mövqeyini öyrənməliyəm. Növbəti sayınız üçün durumla bağlı AFFA-nın birinci vitse-prezidenti Elxan Məmmədovdan münasibət öyərənib, sizə ətraflı açıqlama verəcəm”.
RƏŞAD