İngiltərə premyer-liqasının oyunlarının “İdman TV”də yayınlanmasına öyrəşmişik.
Lakin telekanal öllkəmizdə də geniş auditoriyası olan, dünyanın ən nüfuzlu çempionatını bu mövsüm yayınlaya bilməyəcək. Bəs digər idman telekanalı “CBC Sport” və nüfuzlu turniləri ekranlarına daşıyan İTV bu boşluğu aradan qaldırmağa hazırdı, bu yöndə hansısa addım atacaqlar? Adı çəkilən telekanalların rəsmilərini dinləyək.
Şəmsəddin Abbasov (CBC Sport): “Bu haqda heç bir məlumat verə bilmərik. Hazırda ötən ildən olan proqramlarımızla yanaşı, Konfrans Liqasının oyunlarını da ekranlara daşıyırıq. Mən indi “İngiltərə premyer-liqası bizdə yayınlanacaq və ya yayınlanmayacaq” deyə bilmirəm”.
Kənan Hakimov (İTV): “Hazırda bu məsələ ilə bağlı məlumat yoxdu. Bəli, mənə də sosial şəbəkələrdə suallar ünvanlayırlar. Amma bununla bağlı bizdə real məlumat yoxdu. İdman ictimaiyyəti və azarkeşlər də şahiddi ki, futbol üzrə dünya və Avropa çempionatlarını, klublararası dünya çempionatını yayınlayırıq. Sabah voleybol üzrə milli komandanın oyunları start götürəcək. Bunu da təqdim edəcəyik. 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının qarşılaşmalarını da yayınlayacağıq. Amma İngiltərə premyer-liqası ilə bağlı məsələ bir az qəlizdi. Mən özüm də bu çempionatın oyunlarını müntəzəm izləyirəm. “İdman TV”nin yayını dayandırması ani oldu və indiki məqamda nəsə deməyim düzgün olmaz”.
SƏNƏM FƏRHADOVA