UEFA "İlin futbolçusu" mükafatına namizədlər bəlli olub.
UEFA 2020/21 mövsümünün ən yaxşı futbolçusu və məşqçisi adına namizədlərin adlarını açıqlayıb. Hər iki nominasiya üzrə 3 namizəd seçilib.
Son mövsümün ən yaxşı futbolçusu adına hər üç nominant İngiltərə klublarının oyunçusudu. Çempionlar Liqasının qalibi olan “Çelsi”nin yarımmüdafiəçiləri Jorjinyo (İtaliya) ilə Nqole Kante (Fransa) və İngiltərənin son çempionu “Mançester Siti”nin eyni ampluada çıxış edən oyunçusu Kevin De Bruyne (Belçika) səsvermədə ilk üç yeri tutublar. Maraq üçün namizədlərin “üçlüy”ünə düşə bilməyən oyunçuların sırasını nəzərinizə çatdırırıq: 4. Lionel Messi (Barselona/PSJ), 5. Robert Levandovski (Bavariya), 6. Canluici Donnarumma (Milan/PSJ), 7. Kilian Mbappe (PSJ), 8. Rahim Sterlinq (MS), 9. Kriştiano Ronaldo (Yuventus), 10. Erlinq Holann (Borussiya D).
Ötən mövsümünün ən yaxşı məşqçisi adına namizədlərin siyahısına Xosep Qvardiola (Mançester Siti), Roberto Mançini (İtaliya yığması) və Tomas Tuxel (Çelsi) layiq bilinib. Xatırladaq ki, premyer-liqanın qalibi olan Qvardiola 2020/21 mövsümündə “şəhərlilər”i ilk dəfə ÇL-in finalına çıxarıb. Qeyd etdiyimiz kimi, Tuxel “Çelsi”ni bu turnirdə qələbəyə daşıyıb. Mançini isə İtaliya yığması ilə AÇ-2020-nin çempionu olub. Son mövsümün ən yaxşılarının adları avqustun 26-da ÇL-in qrup mərhələsinin İstanbulda keçiriləcək püşkatma mərasimində açıqlanacaq.