"Neftçi"nin kapitanı Emin Mahmudov klubun rəsmi saytına açıqlama verib.
Kapitan bir sıra məsələlərə aydınlıq gətirib...
- Bu mövsüm komandanın avrokuboklardakı çıxışını necə dəyərləndirirsiz?
- Daha yaxşı oynaya bilərdik. Finlandiyanın HİK klubunu keçmək olardı, amma çox təəssüf ki, buna nail olmadıq və azarkeşlərimizi sevindirə bilmədik.
- Uğurlu mübarizə aparmaq üçün nə çatmır?
- Çatışmazlıqlar çoxdu. Əvvəla, daha yaxşı mübarizə aparmalıydıq. Bundan əlavə, təbii ki, heyətimiz geniş olsaydı, bizim üçün daha asan olardı.
- Necə düşünürsüz, Hayfa “Makkabi”sini keçib, Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazana biləcəksiz?
- “Makkabi” çox güclü komandadı. Hayfa klubu xüsusilə evdə yaxşı oynayır. Buna baxmayaraq, qrup mərhələsinə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çünki artıq başqa yolumuz yoxdu.
- 2019/20 mövsümündə İsrailin başqa bir klubu – “Bney Yehuda”nın qapısına yol tapmışdız. Eyni aqibəti “Makkabi”yə yaşada biləcəksiz?
- Çox heyf ki, həmin qol bizə kömək etmədi. Son dəqiqələrdə penalti ilə hesab arasındakı fərqi azaltsam da, bərabərlik qolunu vurmağımıza vaxt qalmadı. Əlbəttə, “Makkabi”yə də qol vurmağa çalışacam.
- Ümumilikdə 15 oyunda 7 qolla avrokuboklarda klubun bombardirisiz. 2019/20 mövsümündə 6 oyunda 3 qol vurmusuz. Bu mövsümdə də artıq eyni göstəricini təkrarlamısız. Qarşıda azı 2 oyun keçirəcəyinizi nəzərə alsaq, rekordunuzu yeniləyə bilərsiz?
- Çox sevindirici haldı ki, avrokuboklarda komandamızın bombardiriyəm. Hər yeni mövsümdə daha yaxşı çıxış etməyə çalışıram. Amma əsas olan mənim qol vurmağım yox, komandamızın uğur qazanmasıdı.