''Kayserispor'' gənc ulduzlarını yaxşı məbləğə Avropa klublarına göndərməkdə davam edir.
Bir müddət öncə Əmrə Dəmir üçün 3,5 milyon avroya ''Barselona'' ilə anlaşan Kayseri klubu indi də istedadlı qapıçısını satır. Söhbət 18 yaşlı Doğan Ələmdardan gedir. Klubdan verilən məlumatda bu əlcək sahibinin satışı üçün ''Renn'' ilə anlaşma əldə olunduğu vurğulanılıb. Fransa təmsilçisi Ələmdara görə 3,5 milyon avro ödəyəcək. Qapıçının növbəti satışından əldə olunacaq məbləğin 20 faizi də kayserililərə çatacaq. Doğanın ''Renn'' ilə beşillik müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, ''Kayserispor''un öz yetirməsi olan 2002-ci il təvəllüdlü qapıçının ulduzu ötən mövsüm parladı. 2 əsas qapıçının zədələnməsindən sonra şans qazanan Ələmdar inamlı oyunu və soyuqqanlılığı ilə diqqət çəkdi. ''Beşiktaş''la oyunda penalti qaytaran və bir neçə həftə sonra kapitan sarğısını taxmaqla klubun tarixinə düşən Doğanın bu yay ''Kayserispor''u tərk edəcəyi şübhə doğurmurdu. Ümumilikdə 18 yaşlı qapıçı ''Kayserispor''un heyətində meydana çıxdığı 29 rəsmi oyunda 35 qol buraxıb. Sonda vurğulayaq ki, Doğan Ələmdar Burak Yılmaz, Yusuf Yazıcı, Zəki Çəlik, Cengiz Ündər, Umut Meraş, Cenk Özkaçar və Mustafa Kapıdan sonra qarşıdakı mövsümü Fransada keçirəcək növbəti türkiyəli futbolçu olacaq.