Əmrə Belözoğlu ilə bağlı yeni bir xəbər var.
Bilindiyi kimi Əmrə ötən mövsümə ''Fənərbaxça''nın idman direktoru kimi başlamış, Erol Bulutun qovulmasından sonra isə son 10 turda baş məşqçi funksiyasını yerinə yetirmişdi. Rəhbərliyin qərarı ilə ''Fənər''dən ayrılmalı olan 41 yaşlı futbol adamının Türkiyə yığmasının məşqçilər korpusuna qoşulacağı və Şenol Günəşin köməkçisi olacağı gözlənilirdi. Amma Əmrə ilə Günəş anlaşma əldə edə bilməmişdi.
Türkiyə mətbuatının yazdığına inansaq, Belözoğlu İtaliya yollanmağa hazırlaşır. O, təcrübə toplamaq üçün sentyabrın əvvəllərində Romaya yollanaraq ''Latsio''onun baş məşqçisi Mauritsio Sarrinin məşq metodlarını və taktiki çalışmalarını yaxından izləyəcək. Əmrənin ''Latsio''da təxminən 2-3 həftə praktika keçəcəyi gözlənilir. Daha sonra onun mövsümün gedişində bənzər şəkildə Avropanın digər klublarının məşqlərini də yaxından təqib edəcəyi istisna edilmir.