
Qonaqlar ilk turda uduzmadı - TURUN ŞƏRHİ
30-cu ölkə çempionatına Masazırda start verildi.
“Bank Respublika Arena”da “Sabah” “Səbail”i qəbul edirdi. Oyundan öncə əksəriyyət Ramin Quliyevin komandasının “Səbail”i asanlıqla yenəcəyini düşünürdü. Ancaq şənbə günü keçirilən matç bir daha göstərdi ki, asan rəqib olmur. Aftandil Hacıyevin yetirmələri oyunboyu müdafiəyə çəkilib məqam gözlədilər ki, ondan da maksimum istifadə edib evə əlidolu yollandılar. “Sabah” isə tərəfdarlarını üzməkdə davam edir. Quliyev “sükan arxasına” keçəndən sonra “tələbələr”in, nəhayət, iddiasını ortaya qoyub yüksək yerlər uğrunda mübarizə aparacğı gözlənilsə də, belə olmadı. Nəticə bir tərəfə, meydan sahibləri baxımlı oyun da nümayiş etdirə bilmədi. Bir oyuna əsasən komanda barədə fikir bildirmək, bədbin düşüncələrə dalmaq bəlkə də tezdi. Ancaq “tələbələr”in oyunu nikbin düşünməyə də əsas vermədi.
Şənbə gününün ikinci oyununda bu yay Konfrans Liqasında ölkəmizi təmsil edən, ancaq yenilərək mübarizədən kənarda qalan iki komanda - “Keşlə” ilə “Sumqayıt” üz-üzə gəldi. Azarkeşlər şən, baxımlı, mübarizə dolu matç izlədi. Sənan Qurbanovun komandası qonaqlardan daha üstün təsir bağışlasa da, sonda “kimyaçılar” sevindi. Ayxan Abbasovun çalışdırdığı kollektiv iki əks-hücumla qarşılaşmanın taleyini həll etdi. “Sumqayıt”ın yarımmüdafiəçisi Rəhim Sadıxov dubl müəllifi olmaqla yanaşı, bombardirlərin siyahısında da liderliyi ələ keçirdi.
Həftəiçi AEL-lə ağır oyuna çıxan “Qarabağ”ı “Zirə” ilə çətin qarşılaşma gözləyirdi. Ancaq “köhlən atlar” heç-heçə oynamaqla sınaqdan çıxdılar. Düzdü, Rəşad Sadıqovun komandası hakim səhvi səbəbindən 2 xal itirdi. Rauf Cabbarov köməkçisinin “oduna yanıb” meydan sahiblərinin təmiz qolunu qeyd almadı. Lakin ağdamlıların da ən azı heç-heçəyə layiq oyun sərgilədiyini söyləmək mümkündü.
Çempionlar Liqasından Avropa Liqasına, ordan isə Konfrans Liqasına düşən “Neftçi” yay fasiləsində, demək olar, sıfırdan qurulan, daha çox gənclərin ümidinə qalan “Qəbələ”ni qonaq edirdi. Deyəsən, avrokuboklardakı uğursuzluq Samir Abasovun komandasına psixoloji cəhətdən də zərbə vurub. Belə olmasaydı, “ağ-qaralar” zəifləyən bölgə təmsilçisi ilə bərabərə qalmazdı. Oyunsonrası mətbuat konfransında bakılıların baş məşqçisi hər nə qədər “yeni transfer yoxdu”, - deyə şikayətçi düşsə də, “Neftçi” “Qəbələ”ni evə əliboş yola salmağa borclu idi. “Qırmızı-qaralar”ın mübarizə əzminə, sadəcə, “əhsən” düşür. Elmar Baxşıyev məhdud büdcə ilə də iddialı komandaya qarşı oynamağın mümkün olduğunu bir daha sübut etdi.
Azərbaycan premyer-liqası
1-ci dövrə, 1-ci tur
14 avqust
Sabah – Səbail 0:1
Keşlə - Sumqayıt 0:2
15 avqust
Zirə - Qarabağ 1:1
Neftçi – Qəbələ 2:2
Növbəti turun oyunları: 21 avqust – Qəbələ - Keşlə, Sumqayıt – Sabah; 22 avqust - Zirə - Neftçi, Qarabağ – Səbail.
RƏŞAD