TFF 1-ci liqasında çıxış edən “Bursaspor” millimizin üzvü Namik Ələskərovu transfer edib.
“Timsahlar” Azərbaycan yığmasının oyunçusunu rəsmi saytı vasitəsi ilə ictimaiyyətə təqdim edib. Hətta Namikin “7” nömrəli forma ilə çıxış edəcəyi də bəllidi. Qardaş ölkə mətbuatında yer alan xəbərlərdə 26 yaşlı futbolçunun “timsahlar”la birgə məşqə çıxdığı da bildirilib.
“Football-plus.az” saytı məsələ ilə bağlı yeni məlumat əldə edib. Belə ki, “Bursaspor” yeni mövsüm üçün TFF-yə təqdim etdiyi iştirak ərizəsində Namik Ələskərovun adını qeyd etməyib. Klubun tərtib etdiyi 32 nəfərlik siyahıda futbolçumuz yoxdu.
Namikdən sonra transferi rəsmiləşən və ictimaiyyətə təqdim olunan Ufuk Budakın adı belə TFF-yə göndərilib.
Məsələ ilə bağlı futbolçunun meneceri Vaqif Heydərliyə müraciət etdik. Tanınmış agent yaxın günlərdə proseslə bağlı geniş informasiyanı ictimaiyyətə açıqlayacağını bildirdi.
Qeyd edək ki, “Neftçi” Namik Ələskərovun “Bursaspor”a keçidinin qanunsuz olduğunu və hüquqi prosesə başladıqlarını açıqlayıb.
İLKİN SULTANLI