''Marsel''in bu yay ''Roma''dan birillik icarəyə götürdüyü Cengiz Ündər Fransada adından söz etdirməkdə davam edir.
İlk turda Marsel klubu ''Monpelye'' səfərində 2 top fərqiylə geridə olduğu matçda mükəmməl geridönüş edərək 3:2 hesabıyla qalib gəlmişdi. Həmin qələbənin əsasını məhz türkiyəli vinger qoymuşdu. Cengiz Liqa-1-in 2-ci turunda da meydanı qolsuz tərk etməyib. ''Bordo'' ilə ev oyununda hesabı məhz 24 yaşlı futbolçu açıb. Düzdü bu qol meydan sahiblərinə qələbə qazanmaq üçün kifayət etməyib. ''Marsel'' 2 top fərqiylə öndə olsa da, görüş 2:2-lik bərabərliklə yekunlaşıb. Bu azmış kimi Cengiz 73-cü dəqiqədə zədələnərək əvəzlənib. Amma baş məşqçi Xorxe Sampaoli oyundan sonrakı mətbuat konfransında zədənin ciddi olmadığını vurğulayıb.
Onu da bildirək ki, Cengiz Ündər son 8 ildə ''Marsel''in heyətində ilk iki çempionat matçında qol vuran birinci futbolçu olub. Sonuncu dəfə bunu 2013-ün avqustunda Dmitri Payet bacarmışdı.