
"Beşiktaş"dan 7-ci transfer
''Beşiktaş'' növbəti transferini açıqlayıb.
Superliqanın son çempionu təcrübəli qapıçı Mərt Günoku heyətinə qatıb. ''İstanbul BŞ''dən transfer edilən əlcək sahibi ilə üçillik müqavilə imzalanıb. Keçən mövsüm zatən yerli qapıçılar – Ərsin Destanoğlu və Utku Yuvakuranla çempion olan ''ağ-qaralar'' Mərtin təcrübəsindən Çempionlar Liqasında yararlanmaq fikrindədi.
Həm də Ərsin uzun müddətdi Fransa klublarının hədəfindədi və onun ''transfer pəncərəsi''nin sonuna qədər klubu tərk edəcəyi istisna olunmur. Keçidin maddi detalları açıqlanmasa da, Türkiyə mətbuatının yazdığına görə, Mərtə görə ''Beşiktaş'' 1,4 milyon avro ödəyib. 32 yaşlı Mərt Günok ''Fənərbaxça''nın yetirməsidi. 2008-2015-ci illərdə ''Fənər''in şərəfini qorumasına baxmayaraq Volkan Dəmirəlin kölgəsində qalan Günok 2 mövsüm ''Bursaspor''da çıxış etdikdən sonra 2017-də ''İstanbul BŞ''yə yollanmaqla yeni səviyyəyə yüksəldi.
Başakşəhərlilərin 2019/20-dəki tarixi çempionluğunda mühüm rol oynayan Mərt ümumilikdə bu klubda 118 rəsmi oyuna çıxdı və bunlardan 38-də qapısını toxunulmaz saxlayaraq 134 top buraxdı. Türkiyə yığmasının şərəfini isə o 22 oyunda qoruyub.
Sonda qeyd edək ki, Mərt ''Beşiktaş''ın bu yay Valentin Rozye, Mehmet Topal, Salih Uçan, Kənan Karaman, Aleks Teyşeyra və Rəşid Gezzaldan sonra reallaşdırdığı 7-ci transfer oldu.