Azərbaycan premyer-liqasının 1-ci turunda bu gün “Zirə” - “Qarabağ” görüşü baş tutacaq. Qarşılaşma ilə bağlı fikirlərini öyrənmək üçün Aslan Kərimovla əlaqə saxladıq.
Mütəxəssis görüşlə bağlı "Football-plus.az"a bu sözləri dedi:
“Qarabağ”ın təcrübəsi, heyətin keyfiyyəti bu qarşılaşmanın favoriti olmasına əsas verir. Düşünürəm ki, oyun planı cəhətdən “köhlən atlar”da dəyişiklik olmayacaq. Yenə də, 4-1-4-1 taktikası ilə oynayacaqlar. Ağdam təmsilçisi topu daha çox özündə saxlamağa çalışacaq. İzlədiyim bütün matçlarda belə olub. “Zirə”nin necə çıxış edəcəyini düşünmək bir az çətindi. Sadəcə, onu deyə bilərəm ki, komandanın bacarıqlı və hər oyuna fərqli yanaşan baş məşqçisi var. Rəşad Sadıqovun bu qarşılaşmada da xüsusi gedişlərinin olacağı fikrindəyəm. “Qarabağ”ı ondan daha yaxşı tanıyan yoxdu və rəqibin qarşısını almaq üçün fərqli "açar"lardan istifadə edəcək. Amma “Zirə”nin oyunçuları daha təcrübəli Ağdam təmsilçisinin öhdəsindən gələ biləcəkmi? Bunu oyunda biləcəyik. Fikrimcə, Rəşad Sadıqov “Qarabağ”a qarşı taktiki cəhətdən daha üstün futbol oynadacaq. Kağız üzərində “Qarbağ” favorit görünə bilər. Amma “Zirə” ötən mövsümkü problemləri həll edə bilibsə, daha yaxşı oyun izləyəcəyimiz fikrindəyəm".
SƏNƏM FƏRHADOVA