PSJ-nin ulduzlarından biri olan Anxel Di Mariya Messinin transferi barədə gündəmə düşəcək açıqlamalar verib.
''Tyc Sports''a danışan argentinalı vinger bunları deyib:
''Kriştiano Ronaldo indi bizim komandada olmadığı üçün yəqin ki, özünü öldürmək istəyir. PSJ-dəki oyunçuların səviyyəsi sadəcə inanılmaz dərəcədədi. Böyük oyunçular hər zaman ən yaxşılarla birlikdə oynamaq istəyir. Kriştianonun da burda olmaq istədiyinə əminəm. Amma onun əvəzinə Messi burdadı və bu, çox yaxşı oldu. Bilirəm ki, Aquero da ''Barselona''ya Messi ilə birlikdə oynamaq üçün keçmişdi. Amma futbolda belə şeylər olur. Messi ordan ayrıldığı üçün çox güman Aquero da özünü öldürmək dərəcəsinə çatıb. Kun indi bəxtsiz şəkildə zədələnib və ona tezliklə meydana qayıtmağı arzulayıram. Messi həqiqətən sanki başqa dunyadandı. Karyeram ərzində Ronaldo, Neymar, Mbappe, Runi, İbrahimoviç, Beyl, Benzema kimi bir çox ulduzlarla birlikdə oynamışam. Amma onların heç biri Messi ilə müqayisə oluna bilməz. Leo burda özünü ''Barsa''dakından daha rahat hiss edəcək. Onun Parisdə necə qarşılandığını xatırlasaq, nə qədər sevildiyi dərhal məlum olur. Burda insanlar hər məşqdə belə ona sevgisini göstərəcək. Düzdü, onun üzündən artıq çölə çıxan kimi dərhal yanımıza 200 nəfər gələcək. Amma tədricən buna alışacağıq. Bir ay ərzində bütün arzularım çin oldu. Əvvəlcə Amerika Kubokunu qazandım, indi də Messi ilə birlikdə oynayacam. Onunla eyni paltardəyişmə otağını paylaşmağın nə demək olduğunu hələ tam dərk etməmişəm. PSJ-də çox xoşbəxtəm. Əvvəlki iki klubumda belə deyildi. ''Real'' və ''Mançester Yunayted''də insanların məni sevmədiyini hiss etmişdim''.