''Barselona''da tarix yazdıqdan sonra bu yay PSJ-yə yollanmaqla əsas gündəm mövzusuna çevrilən Lionel Messi bildirib ki, yeni baş məşqçisi Maurisio Poçettino ilə onun komandadakı rolu və meydandakı mövqeyi barədə hələ söhbət etməyib.
'El Pais''in məlumatına görə ünlü argentinalı forvard öz həmyerlisi olan parislilərin çalışdırıcısı Poçettino ilə aralarında keçən söhbət haqda danışaraq bunları deyib:
''PSJ ilə danışıqlar prosesi başlayan kimi Poçettino mənə zəng vurdu. İlk növbədə onun fikirlərini öyrənməyə çalışdım. Poçettino isə yalnız bu transferdən çox razı olduğunu və məni Parisdə səbirsizliklə gözlədiyini dedi. Təbii ki, onunla meydandakı rolum barədə hələ danışacağıq. Amma həmin gün taktika barədə söhbət düşmədi. Hansı mövqedə oynayacam? Bu barədə ümumiyyətlə məlumatım yoxdu. Mən artıq burdayam və meydandakı mövqeyim Poçettinonun problemidi. Yəqin ki, o bir çıxış yolu tapacaq''.