
Dünya futbolu
203
14.08.2021, 16:30
Klopp pullu rəqiblərə söz atdı
Ötən mövsüm çempion ''Mançester Siti''dən 17 xal az toplamaqla premyer-liqanı 3-cü pillədə tamamlayan ''Liverpul''un baş məşqçisi Yürgen Klopp əlinin altındakı heyətlə bağlı danışıb.
O, ''Çelsi'', Mançester Siti'', PSJ kimi varlı klubları ''iynələyib''. Van Diyklə müqaviləni yenilədiklərini, heyətdən məmnun olduğunu vurğulayan ünlü almaniyalı mütəxəssis klubla müqaviləni yeniləməyərək PSJ-yə yollanan Corcinyo Viynaldumun yerinə heç kimi almayacaqlarını da qeyd edib:
''Yarımmüdafiənin mərkəzində Henderson, Alkantara, Milner, Keyta və gənc Elliott kimi oyunçularımız var. Elə Oksleyd-Çemberleyn, Fabinyo və Cons də hələ bizimlədi. Bu oyunçuların hərəsinin fərqli özəllikləri olduğu halda həmin mövqeyə təzə oyunçu nə üçün almalıyıq? Yarımmüdafiəçinin məhsuldarlığının artması üçün buna uyğun sistemlə oynamalıyıq. Məhsuldar bir yarımmüdafiəçi axtarışına çıxmaqdansa həyətdə olan futbolçularımıza hücuma qoşulmaq üçün daha çox fürsət yaratmalıyıq. Rəqiblərimizin xərclədiyi pullara təəccüblənmədim. Burda altıncı mövsümümü keçirəcəm və ''Çelsi'' ilə ''Siti''nin bu cür problemlərə həmişə çarə tapdığını biləcək qədər təcrübəliyəm. Bizi başqaları ilə müqayisə etməkdən vaz keçin. Onlar üçün heç bir limit yoxdu. Bizim üçün isə var. Sahib olmadığımız pulu xərcləyə bilmərik. Bunu bəlkə də başqaları edir, amma biz edə bilmərik''.