Dünən xəstəhal olsam da, adətim üzrə internetdə qurdalanırdım ki, oxumağa nəsə tapım.
Allah ruslarla ermənilərin bağrına od salsın, yenə Qarabağdan həyəcanlı xəbərlər gəlir. Hələ bu zəhlətökən istilər də bir tərəfdən... Qəfil gözüm Cahangir Əsgərov ad-soyadını gördü. Bütün ölkə, dünyanın dörd bir tərəfində yaşayan azərbaycanlılar onun AZAL-da açdığı bazardan giley-güzar etdiyindən, düşündüm ki, yəqin cənab Prezident bədən konfiqurasiyasına görə Beynəlxalq Ağır Atletika Federasiyasının sabiq prezidenti Tomaş Ayanı xatırladan bu adamı, nəhayət, işdən qovub. Yox əşşi, Cahangir əfəndi özü adamları işdən qovubmuş! Bəli, uzun müddətdi ağır atletikaya gözünün ucu ilə də baxmayan AZAL prezidentinin yadına qəfil ölkədə bu idman növünün rəhbəri olduğu düşüb. Çox güman, Olimpiadaya baxırmış, hansısa atletin qaldırdığı ağırlıq diqqətini cəlb edib, “bizdə niyə beləsi yoxdu” sualı ilə yola çıxıb, yığmanın baş məşqçisi Asif Məmmədovla baş katib Rizvan Rəsulovu tapıb, dərhal da qovub. Hələ yaxşı ki qovmaqla kifayətlənib. Öz aramızdı, birdən desəydi ki, bunları təyyarənin təkərinə bağlayın, sonra da havaya qalxandan sonra buraxın, parça-parça olsunlar, kim ona nə deyəcəkdi? Bildiyimə görə, Cahangir əfəndi kriminal dünyaya pis baxan kişilərdən deyil.
Hər nə isə, AZAL prezidenti Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) yenidən qurulmasına, dolayısıyla ağırlıqqaldırmanı qaldırmağa qərar verib. Yəqin ona elə gəlir ki, bu iş də təyyarə biletlərinin qiymətini qaldırmaq qədər asandı. Yox e, bu sahə kökündən batıb. Ağır atletikada yerində olmayan adamlar çoxdu, dopinq qalmaqallarının sayı-hesabı bilinmir, ölkədə bu idman növünün yeganə dayağı sayılan Tofiq Heydərov artıq ştanqı yox, ev tikib-satmağı düşünür. Bəh-bəhlə reklam olunan, tərifi yerə-göyə sığmayan, bir neçə ölkədə ofisi olan “Zirvə” Beynəlxalq İdman Klubu da çoxdan kölgəyə çəkilib. Kəsəsi, Azərbaycanda ağır atletika ölüb, kəmali ədəblə “fatihə” surəsini oxumaq, dəfn mərasimini keçirmək lazımdı. Nəyi qaldırırsan, Cahangir əfəndi? Əvvəlcə sənin özünü Ağır Atletika Federasiyasından qaldırmaq lazımdı ki, bəlkə inkişaf üçün münbit şərait yarana!
ORXAN