Hazırlıq dönəmində yaxşı təsir bağışlayan və keçirdiyi 7 matçın heç birində uduzmayan ''Fənərbaxça'' yeni mövsümün startı ərəfəsində heyətlə bağlı problemlərlə üzləşib.
Xatırladaq ki, ''Fənər'' ilk turda avqustun 15-də debütant olmasına rəğmən bu yay reallaşdırdığı hay-küylü transferlərlə diqqət çəkən ''Adana Dəmirspor''la səfərdə qarşılaşacaq.
Avqustun 12-dəki məşqdə İstanbul nəhəngi birdən-birə iki əsas oyunçusunu itirdi. Bir epizodda yerə yıxılan Dimitris Pelkasın çiyninin çıxdığı məlum oldu. Klubun baş həkimi Burak Kunduracıoğlunun müdaxiləsi sayəsində ulduz futbolçunun çiyni yerinə salındı. Amma Pelkas bu gün öz ''instaqram''səhifəsində açıqlama verərək bu zədə üzündən ən azı 3-4 həftə komandaya kömək edə bilməyəcəyini vurğulayıb. Bu da o deməkdi ki, 27 yaşlı vinger Adana səfərindən başqa ''Antalyaspor'' və ''Sivasspor'', eləcə də AL-in təsnifatının pley-offunda HİK ilə matçlarda da meydanda olmayacaq. Komandanın ən yaxşı formada olan oyunçularından birinin sıradan çıxması baş məşqçi Vitor Pereyranın planlarını alt-üst edib. Bu azmış kimi dünənki məşqdə Enner Valensiya da əzələsini dartıb. Bu günkü məşqi də buraxan ekvadorlu forvardın ''Adana Dəmirspor''la oyunda meydanda olub-olmayacağı bilinmir.
Digər qanqaraldıcı məqam isə odu ki, yeni transfer Kim Min Çjenin klubu ''Beytszin Qoyan''la hələ də maddi məsələlərdə anlaşmaq mümkün olmayıb. Bu üzdən çinlilər bu futbolçunun sənədlərini göndərməyə tələsmir. Canər Ərkinin komandadan kənarlaşdırılmasının ardından hələ də sol cinaha futbolçu transfer olunmayıb. Çox güman Adana səfərində həmin mövqedə Fərdi Kadıoğlu oynayacaq.