21 il formasını geydiyi “Barselona”dan ayrılan Lionel Messi həm yerli, həm də xarici mətbuatın diqqət mərkəzindədi.
Böyük dəyişikliyin tərəflərə müsbət və mənfi təsirləri haqda fərqli fikirlər var. Bəziləri Messisiz “Barselona”nın iddiasının qalmadığını, eynilə də argentinalı futbolçunun yeni klubu PSJ-də uğursuz olacağını düşünür. Digər tərəfdən, Messinin ayrılığı qədər səs-küy yaratmasa da, ötən ay “Real”ın kapitanı Serxio Ramos da klubunu tərk edərək Paris təmsilçisinin yolunu tutdu. Hər iki oyunçu komandalarının “onurğa sütunu” sayılırdı və heç kimə qaranlıq deyil ki, İspaniya La Liqasının izlənmə faizində 2018-ci ildə, yəni Kristano Ronaldonun “Kral klubu”ndan ayrılmasına görə azalma olmuşdusa da, son gedişlərdən sonra kəskin şəkildə fərq olacaq. Təbii ki, Ramosla Messinin gedişini eyniləşdirmək olmaz. İspan müdafiəçi özü komandasını tərk etmək istəyirdisə, argentinalı “ev”indən ayrımamaq üçün hətta pulsuz belə oynamğa razı idi. Bəs buna əngəl nə idi? Yeni klub rəhbərliyi oyunçunu istəmədi? Yoxsa La Liqa rəhbərliyi “Barselona”ya şərait yaratmadı? Bir tərəfdən də əzəli rəqiblər – Ramos və Messi komanda yoldaşı oldu. Bundan qazanan tərəf kim olacaq? Messisiz “Barselona”, “Barselona”sız Messi necə çıxış edəcək? Suallar çoxdu. Məsələ ilə bağlı tanınmış idman jurnalisti Rasim Mövsümzadə qəzetimiz üçün fikirlərini bölüşüb.
…Həyat həqiqətən sürprizlərlə doludu. Statistika göstərir ki, karyerası ərzində Lionel Messiyə hamıdan çox – 44 dəfə rəqib olan futbolçu Serxio Ramosdu. “Google”da hər ikisinin adını yazıb axtarış versək, əsasən kəllə-kəlləyə gəldikləri anların şəkilləri çıxacaq. Bu həmin Ramosdu ki, həmin qarşılaşmalarda 5 dəfə qırmızı vərəqə ilə cəzalandırılıb. İndi isə “Barselona” və “Real”ın sabiq kapitanları PSJ-də komanda yoldaşı kimi yollarına davam edəcəklər...
...Vaxtilə Avropa və dünyanın ən güclü klubu olan, 2006-15-ci illərdə 4 dəfə Çempionlar Liqası kubokunu qazanan “Barselona” artıq 6 mövsümdü ÇL-də çempionluğa həsrətdi və bu müddətdə cəmi bir dəfə yarımfinala çıxa bilib. Üstəlik, ötən il “Bavariya”ya 2:8 hesabı ilə uduzaraq avrokuboklarda ən böyük məğlubiyyətə uğrayıb. La Liqada da iki mövsümdü çempion titulu “Barsa” üçün əlçatmazdı.
Messi də son iki mövsümdə “Barsa”nın heyətində ümumi məhsuldarlıq baxımından 40 qol səddini keçə bilməyib, Çempionlar Liqasında da uyğun olaraq 3 və 5 qol vurub. Argentinalı futbolçuya yaraşmayan rəqəmlərdi. Ona görə də hər iki tərəf üçün yeniliyin, dəyişikliyin olması vacib idi.
Düzdü, tərəflərin yollarına birlikdə davam etmək istədikləri, yeni müqavilə məsələsində ortaq məxrəcə gəldikləri, hətta Messinin maaşının yarıya qədər azaldılmasına razılıq verdiyi bildirilsə də, La Liqanın klublar üçün tətbiq etdiyi sərt maaş limiti və “maliyyə feyr-pleyi” bu sövdələşmənin reallaşmasına imkan vermədi. Məsələ burasındadı ki, “Barselona”da maaş fondu klubun gəlirlərinin 100 faizini ötüb və bu da qaydalara ziddi. “Maliyyə feyr-pleyi” bu rəqəmin 65-70 faiz həddində olmasını tələb edir və ona görə də “Barsa” aparıcı oyunçularını itirmək, maaşlarını da azaltmaq məcburiyyətindədi. Vəziyyətin bu səviyyəyə gəlib çatmasında da klubun əvvəlki prezidenti Xosep Bartomeunun uğursuz idarəçiliyi (2014-20) səbəb göstərilir. Şübhəsiz, La Liqanın hətta Messi məsələsində güzəştə getməməsinin əsas səbəblərindən biri də “Barselona”nın hələ reallaşmayan, amma gündəmdən düşməyən Avropa Superliqasının yaradıcılarından biri olmasıdı. Digər tərəfdən, “Barselona” Messini saxlamaq üçün La Liqanın teleyayın haqlarının 50 il müddətinə satışına razılıq verməli idi. Amma klub buna getmədi. “Barsa”nın prezidenti Xuan Laporta məsələ ilə bağlı belə deyib:
“Barselona” hər şeydən üstündü, hətta dünyanın ən yaxşı futbolçusundan da”.
Yəni təxminən son 10 ildə bir futbolçudan asılı vəziyyətə düşən “Barselona” Messinin gedişiylə “Mes que un club”, yəni “Bir klubdan daha artıq” şüarının boş olmadığını sübut edirmi? Messi özü isə “klub bildirib ki, məsələ La Liqadadı, amma qala bilməməyimlə bağlı o qədər versiya eşitmişəm ki” deyərək, dəqiq məlumata malik olmadığını bildirirsə, biz nə deyə bilərik? “Barselona”nın bu çətin dövründə Messinin azad futbolçu kimi getməsi də ayrı bir dərddi. Halbuki klub vaxtilə Dieqo Maradona (1984), Ronaldo (1997), Luiş Fiqu (2000) və Neymar (2017) kimi futbolçuları rekord qiymətə sata bilmişdi.
Təbii ki, Messinin yoxluğu klubun futboldankənar işlərinə təsir edəcək. Məsələn, “Brand Finance” konsaltinq firmasının qiymətləndirməsinə görə, “Barselona” brendinin dəyəri 11 faiz, yəni 137 milyon avro azalacaq. “Marka” nəşri yazır ki, hətta Laporta ümumi illik gəlirlərinin üçdəbirinin Messinin klubda olması sayəsində qazanıldığını da etiraf edib. Amma meydandakı nəticələrin daha bərbad olacağına inanmıram. Ötən mövsümdəki nəticələrə baxsaq, “Barselona” argentinalının oynamadığı 7 oyunda 5 qələbə və 2 heç-heçəyə imza atıb.
La Liqaya gəlincə, İspaniya çempionatı 2000-ci ildən UEFA reytinqində liderliyi ələ aldığında hələ Messi yox idi. Və indi La Liqa ulduz baxımından bəlkə də kasad görünsə də, “Real” və “Barselona” yaxın gələcəkdə Kilian Mbappe və Erlinq Halann kimi futbolçuları transfer etməklə hazırkı vəziyyəti tam dəyişə bilər. Messiyə görə də üzülməyinə dəyməz. O hazırkı vəziyyətdə daha perspektivli yerə getdi, hansısa “Cenoa”ya keçmədi. Ötən mövsüm A seriyasında 11-ci olan klubun adını təsadüfən çəkmədim. Messinin tez-tez müqayisə olunduğu Dieqo Maradona 1984-cü ildə Avropanın ən yaxşı klublarından biri olan “Barselona”dan gedəndə, o vaxt İtaliya çempionatında 11-ci yeri tutan “Napoli”yə üz tutmuşdu. Sonra da bu komanda ilə iki dəfə A seriyasının, bir dəfə də UEFA kubokunun qalibi olmuşdu. Əlbəttə, Messidən də belə addım gözləmək ağılsızlıq olardı.
Ötən yay Messinin “Barsa”dan getmək məsələsi gündəmə gələndə, onu ölkələrində uzun müddət çempion ola bilməyən klublarda görmək istədiyimi dilə gətirmişdim. Məsələn, İngiltərədə “Mançester Yunayted”, “Arsenal” və ya “Tottenhem”də, İtaliyada “İnter”də, Almaniyada Dortmund “Borussiya”sında... Amma “İnter” Messisiz də İtaliya çempionu oldu. Yoluna da onsuz davam edəcək.
Amma hamı kimi, mən də Messinin “Barsa”dan ayrılacağı halda “Mançester Siti”yə keçəcəyini gözləyirdim. Deyilənə görə, “şəhərlilər” 2008-ci ildə “Abu Dhabi United Group” tərəfindən satın alınarkən ilk olaraq məhz argentinalının keçidini həyata keçirməyə çalışıb. Sonra 2013-cü ildən bəri, demək olar ki, hər il “Mançester Siti”nin Messiyə marağı, transfer cəhdləri barədə şayiələr yayılırdı. 2016-da sevimli məşqçisi Pep Qvardiolanın “Siti”də çalışmağa başladığından bəri Messinin İngiltərəyə köçməsinin zaman məsələsi olduğunu düşünürdük. Amma “Mançester Siti” də maliyyə problemləri üzündən Messiyə yaxın düşmədi. Unutmayaq ki, “şəhərlilər” “maliyyə feyr-pleyi” qaydalarını pozduqlarına görə hətta avrokuboklardan kənarlaşdırılmaq təhlükəsi ilə üzləşmişdilər.
Nəticədə Messi son illər inkişafda və maliyyə baxımından daha yaxşı vəziyyətdə olan PSJ-yə keçdi. Düzdü, ötən əsrin 90-cı illərində Fransa bir müdət UEFA reytinqində 2-ci pilləyə yüksəlsə də, çempionatı “böyük beşlik” ölkələri arasında səviyyəcə sonuncu, beşinci sayılır. Bu səbəbdən Messinin qol vurmaq baxımından Fransada problem yaşayacağını kimsə düşünmür. Əsas hədəfi isə Kriştiano Ronaldunun “Yuventus”la hələ əldə edə bilmədiyi, Paris klubunun (elə Messinin özünün də) həsrətini çəkdiyi Çempionlar Liqasını qazanmaq olacaq. Müqayisə üçün deyim ki, Ronaldo 5 dəfə Çempionlar Liqasının qalibi olubsa, Messinin 4 Çempionlar Liqası çempionluğu var. Deməli, rəqabət qaldığı yerdən davam edəcək.