"Neftçi" və "Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki cavab oyunlarını idarə edəcək hakimlərin kimliyinə aydınlıq gəlib.
"Ağ-qaralar"ın İsraildə Hayfa "Makkabi"sinə qarşı keçirəcəyi qarşılaşma Şimali Makedoniyadan olan hakimlər briqadasına tapşırılıb. Görüşün referisi Aleksandr Stavrev olacaq. Ona yan xətt hakimləri Deyan Kostadinov və Qoçe Peterski köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Deyan Yakimovski yerinə yetirəcək.
"Qarabağ"ın Şotlandiya "Aberdin"i ilə səfər görüşünə isə Avstriyanı təmsil edən hakimlər briqadası təyinat alıb. Matçı Harald Lexner idarə edəcək. Laysmanlar Andreas Haydenrayx və Maksimilian Kolbiç, dördüncü hakim isə Culian Vaynberger olacaq.
Qeyd edək ki, Azərbaycanın hər iki təmsilçisi cavab oyunlarına avqustun 26-da çıxacaq.