
“Qarabağ” AEL-in dərsini verməlidi
Bu gün Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşündə “Qarabağ” Cənubi Kipr təmsilçisi AEL-i qəbul edəcək.
Larnakadakı “AEK Arena”da keçirilən ilk oyun 1:1 hesabı ilə başa çatıb. Cavab görüşü “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayınlanacaq. Nəticə bir yana, oyundan sonra Larnakada – stadionda yaşananlar bu matçın prinsipiallığını daha da artırıb. Nəhayət, onu da unutmayaq ki, AEL-i keçmək ağdamlıları Konfrans Liqasının qrupuna bir addım da yaxınlaşdıracaq.
Larnakada keçirilən qarşılaşmanın sonunda yaşananlar hamıya bəllidi. Düzdü, oyun baxımından Ağdam təmsilçisi rəqibi üstələyirdi. Lakin son zərbələri dəqiq vura bilməmək “köhlən atlar” üçün problem yaratdı. Cənubi kiprlilər ilk görüşdə son dəqiqədə buraxdıqları qola görə acıqlıdılar. Onlar Bakıdakı oyunda bunun əvəzini çıxmaq istəyəcək. Lakin həm güc, həm də futbolçuların fərdi ustalığı baxımından “Qarabağ” rəqibindən bir baş üstündü. Düzdü, ağdamlıların heyətində itkilər var. Müdafiədə Bədavi Hüseynov, Elvin Cəfərquliyev və Rahil Məmmədov zədə səbəbindən oyunu buraxacaqlar. Qurban Qurbanov rotasiyalar edərək, onların yoxluğunu doldurur. İlk qarşılaşmada Maksim Medvedevi mərkəz müdafiəçisi kimi oynatmışdı. Abbas Hüseynovu isə sağ cinahda sınamışdı. Bu dəfə də eyni sistemdən istifadə edə bilər. Ya da yeni transfer Bəhlul Mustafazadəni Kevin Medina ilə birgə oynadacaq. Hər halda, yekun qərarı baş məşqçi verəcək.
Bundan əlavə, təcrübəli mütəxəssis yeni transferlər Riçard Almeyda və Qasper Panadero Zamoranı da döyüşə ata bilər. Ümumiyyətlə, hazırda “köhlən atlar”ın yarımmüdafiə və hücum xəttində problem yoxdu. Abdulla Zubir, Filip Ozobiç, Xayme Romero, Patrik Andrade və Ramil Şeydayev yaxşı formadadı. Millimizin üzvü “Qarabağ”a yeni transfer olunsa da, son oyunlarda özünu yaxşı tərəfdən göstərməyi bacarıb. Məhz bu futbolçuların formada olmaları “köhlən atlar”a rəqib qarşısında üstünlük qazandırır.
AEL-in heyətində də problemlər var. Minas Antoniu zədəlidi. Entoni Georgiu isə koronavirusa yoluxub. 24 yaşlı yarımmüdafiəçinin testinin nəticəsi müsbət olub və o, bir neçə gündü karantinə alınıb.
Yazının əvvəlində də bildirmişdik ki, Larnakadakı qarşılaşmada azarkeşlərlə “Qarabağ”ın futbolçuları arasında problem yaşanmışdı. Ümid edirik ki, Bakıdakı görüşdə belə hadisə baş verməyəcək. “Qarabağ” meydanda AEL-in dərsini verərək, növbəti mərhələyə adlayacaq.
İLKİN SULTANLI