“Mən də orda olmadığıma görə heç nə deyə bilmirəm”
Tokio Yay Olimpiya Oyunları başa çatdı. Ölkəmizi güləş yarışlarında 7 idmançı təmsil etdi. Bu idman növündə 1 gümüş, 2 bürünc medal qazandıq. Hacı Əliyev qızıl medalın biraddımlığında büdrədi. Mariya Stadniklə Rafiq Hüseynov isə 3-cü oldu. Bu nəticəni qənaətbəxş saymaq olarmı? Güləşçilərimiz Tokioda uğurlu çıxış etdilər? Bu istiqamətdə suallarımız çoxdu. Bizim üçün çətin olan məqamları aydınlaşdırmaq üçün millinin sabiq baş məşqçisi Firdovsi Umudova müraciət etdik. Təcrübəli mütəxəssislə Hacının finalda uduzmasının səbəbindən, Namiq Abdullayevin qərarlarından danışdıq.
- Bir idman mütəxəssisi kimi Tokio-2020-nin nəticələrini Azərbaycan üçün necə dəyərləndirərdiz?
Bütün idmaçılarımıza uğurlar arzulayırıq. İnşallah, növbəti Olimpiya Oyunlarında daha yaxşı çıxış edərlər. Biz ən böyük zəfərimizi qazanmışıq, 2020-ci ildə torpaqlarımızı işğaldan azad etmişik. Ali Baş Komandanın rəhbərliyi altında ən böyük qələbəmizi qazanmışıq. Olimpiadada bütün medal qazananlara, bütün federasiyalara, idmançılara uğurlar arzulayıram. Bayraq qaldıran hamıya minnətdarlığımı bildirirəm.
- Firdovsi müəllim, bayrağımız zirvəyə qalxmadı, himnimiz səslənmədi...
Gümüş, bürünc medal qazandılar. Onların hamısına uğurlar arzu edirəm.
- Firdovsi müəllim, Hacının final görüşü barədə nə deyə bilərsiz?
(sözümüzü kəsir)
Mən orda olmamışam. Bu barədə nə deyə bilərəm? Sadəcə, uğurlar arzu edirəm. Məşqçilər korpusu ordaydı, qərarları onlar verirdi. Hacı da bu illər ərzində bütün turnirlərdən medalla geri dönüb. Hər bir idmançının arzusudu ki, olimpiya çempionu olsun. Hacı da bunlardan biri idi. Mən də ona uğurlar arzu edirəm.
- Bütün Azərbaycan Hacıdan, Mariyadan qızıl medal gözləyirdi. Nə baş verdi ki, alınmadı?
Bunun cavabını məşqçilərdən soruşarsız. Tezliklə geri dönəcəklər. Mən bir azərbaycanlı və mütəxəssis kimi hər birinə uğurlar arzu edirəm.
- Şərif Şərifov da medala yaxın idi. Amma qazana bilmədi. Ümumiyyətlə, idmançımız birdən-birə niyə çəkisini dəyişdi? Nə baş verdi?
- (sözümüzü kəsir)
Bunu məşqçilərdən soruşsaz, daha yaxşı olar. Nə baş verdiyini onlar bilər. Yenə deyirəm ki, bütün idmançıların arzusu Olimpiya Oyunlarında qələbə qazanmaqdı. Məşqçiləri gələndə deyərlər ki, nə baş verdi. Mən orda olmamışam axı. Buna görə də heç nə deyə bilmərəm.
- Bir daha Hacı Əliyevin final görüşünə qayıdaq. Hakimin səhvi var idi?
Bütün məşqçilər, mütəxəssislər orda olub. Televizordan baxmaq başqa, döşəyin kənarından görmək başqa. Məşqçilər hadisənin yaxından şahidi olublar. Bakıya gələndə özləri hesabat verərlər. Hacı özü danışdı axı o barədə. Dedi ki, hakimin səhvi yox idi. Fənd icra olunanda özü bilirdi ki, səhv var, ya yox.
- Bütün idman ictimaiyyəti, sosial şəbəkə istifadəçiləri baş məşqçi Namiq Abdullayevin etiraz etməsinin doğru olmadığını bildirir. Siz necə düşünürsüz?
Namiq müəllim Azərbaycanın fəxridi, olimpiya çempionudu. Ona böyük hörmətimiz var. Onun verdiyi qərarın doğru və ya yanlış olduğunu heç kim deyə bilməz. Etiraz etməsəydi, deyəcəkdilər ki, niyə etmədi? İndi edib, deyirlər ki, niyə edib? Hər insanın öz fikri var. Mən bir, başqası fərqli qərar verərdi. Döşəyin kənarında Namiq müəllim başqa cür görüb. İndi etiraz etməsəydi, deyəcəklərdilər ki, niyə etmədi? Bu məsələlərdə məşqçilər, idmançılar daha yaxşı qərar verirlər. Mən də orda olmadığıma görə heç nə deyə bilmirəm. Mən ancaq hamısına uğur arzu edə bilərəm...
İLKİN SULTANLI