“Legiya”nın sabiq futbolçusu Yakub Vavjinyak Varşava təmsilçisinin Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Zaqreb “Dinamo”suna qarşı keçirdiyi cavab oyunu haqda danışıb.
“Football-plus.az” saytının məlumatına görə, Mahir Emrelinin çıxışına da toxunan tanınmış müdafiəçi milli üzvünü bəyənmədiyini söyləyib: “Legiya” bu matçda son zərbələrdə uğursuz oldu. İkinci hissədə Mahir Emreli yaxşı imkan yaxaladı. Fikrimcə, Emrelidə qərarlılıq və istək yox idi. Topa getməli, qapıya zərbə vurmalıydı. Emreli Rafael Lopeslə birgə hücumda oynadı. Fikrimcə, onlar Tomaş Pekxart və Ernest Muçi ilə müqayisədə daha zəifdilər. Zaqrebdəki ilk matçda da Muçi meydana sonradan çıxdı və qol vurdu. Lopes “Dinamo” ilə matçda meydanda özünə yer axtarırdı və Emreli onunla necə oynayacağını bilmirdi. Belə güclü rəqiblərə qarşı fərqlənməyi bacaran oyunçulara ehtiyac var”.
Qeyd edək ki, Mahir Emreli “Legiya”nın “Dinamo”ya məğlub olduğu görüşün (0:1) start heyətində yer alıb. O, 56-cı dəqiqədə Tomaş Pekxartla əvəzlənib.