
Ötən həftənin sitatları
Xuan Laporta, “Barselona”nın prezidenti: “Hər gecə Messi haqqında düşünəndə şirin yuxular görürəm. Danışıqlar yaxşı gedir. Onu burda saxlamaq üçün əlimizdən gələni edirik. Messi “Barselona”da qalmaq istəyir və mən bunu yüksək qiymətləndirirəm”.
Vyaçeslav Qroznı, ukraynalı məşqçi: “Andreyin gedişi mənim üçün çox gözlənilməz oldu. Şevçenkonun yığmanı 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının sonuna qədər çalışdıracağına əmin idim. Doğrudu, bir dəfə mənə hansısa titullu klubdan sərfəli təklif alacağı halda ora yollanacağını etiraf etmişdi. Milyon, milyard faiz əminəm ki, Ukrayna millisini ondan sonra əcnəbi məşqçi çalışdırmayacaq. Bir ölkəmizin məşqçi potensialına nəzər yetirin: Markeviç, Qriqorçuk, Bloxin, Zavarov, Belanov kimi mütəxəssislərimiz var. Bu siyahını uzatmaq da olar. Odu ki, Şevçenkoya yerli çalışdırıcı xələf olacaq”.
Xames Rodriges, “Everton”un yarımmüdafiəçisi: “Messi “Yuventus”a getməli və Kriştiano Ronaldo ilə birgə oynamalıdı. Bu baş versə, bomba olacaq. Bir çox azarkeş bu iki futbolçunun eyni komandada oynamasını xəyal edir. Etiraf etməliyik ki, futbol son vaxtlar çox dəyişib və Messinin “Barselona”dan ayrılması bunun bir daha təsdiqidi”.
Martin Şuts, “İnter”in yarımmüdafiəçisi Kristian Eriksenin agenti: “Müştərimin təxminən 4-5 aydan sonra yaşıl meydana qayıdacağını deməsindən xəbərim yoxdu. “İnter” onu yaxşı formada görməyə çox şad olacaq. Kristianı meydana qayıtması üçün heç kim tələsdirmir”.
Xosep Qvardiola, “Mançester Siti”nin baş məşqçisi: “Təkcə Bernardo Silva yox, klubdan ayrılmaq istəyən 3-4 oyunçu var, amma onlar “Siti”yə müqavilə ilə bağlı olan futbolçularımızdı. Bizi qane edəcək təkliflər olduqda və ayrılmaq istəsələr, komandadakı bütün oyunçularla hər şeyi müzakirə etməyə hazırıq. Keyn? O, “Tottenhem”in oyunçusudu və klubu danışıq aparmaq istəmirsə, deməli, hər şey bitib. Onlar danışığa başlamağa hazır olsalar, dünyanın bir çox klublarının Keyni transfer etmək üçün lazımi cəhdlərə əl atacağını düşünürəm. Bu baxımdan biz də istisna deyilik. Harri xüsusi, qeyri-adi hücumçudu. Buna zərrrə qədər də şübhə yoxdu. Əlbəttə, onun xidmətində çox maraqlıyıq. Amma o, “Tottenhem”in oyunçusudu”.
Federiko Pastorello, “İnter”in hücumçusu Romelu Lukakunun agenti: “Müştərimin “Çelsi”yə mümkün transferi siz azarkeşlərdə kəskin reaksiya doğurub. Nə baş verəcəyindən asılı olmayaraq, tezliklə bizim hərəkət və niyyətimizin səbəblərindən xəbər tutacaqsınız”.
Luis Suares, “Atletiko”nun hücumçusu: “Sənin “Barselona”da yazdığın tarixi bütünlüklə nəql etmək üçün söz yetməz. Sənə vaxtilə bu kluba gələrkən mənə göstərdiyin münasibətə görə həyatım boyunca minnətdar olacağam. Çünki sən dahi adamsan. “Barselona”da səninlə birgə oynamaq və minlərlə gözəl anı bölüşməyimlə fəxr edirəm”.
Ole Qunnar Sulşer, “Mançester Yunayted”in baş məşqçisi: “Bizi qarşıda premyer-liqa tarixinin ən yüksək səviyyəli mövsümlərindən biri gözləyir. Bir neçə ildi titul uğrunda “Mançester Siti” və “Liverpul” mübarizə aparır. Amma bu il “Yunayted”lə “Çelsi” də heyətinə yaxşıca əl gəzdirib. Biz özümüzü titula potensial namizədlərdən biri kimi dəyərləndirməliyik. Ancaq mən hazırda yalnız potensial baxımından fikir yürüdürəm. Yekun cədvəldə ötən mövsüm çempion olan “Siti”dən yuxarıda olacaq omanda titula sahib çıxacaq. Qvardiola bir dəfə çempionatda ilk 8 matçdakı nəticələrə görə qalib gəlməyin mümkün olmadığını söyləmişdi. Onun fikrincə, mövsümün əvvəlində bu qədər oyunda qeydə alınan nəticələrə əsasən tituldan əl çəkmək mümkündü. Ötən mövsüm məhz belə oldu. Bədbinliyə düşüb doğru düşünməkdənsə, nikbin olub səhv etməyə üstünlük verərdim. Əlbəttə, futbolçularımız işə maksimum dərəcədə köklənmək və özlərini fəda etməklə titul qazana bilərlər. Ümumiyyətlə, klubumuzda təzyiq həmişə yüksək dərəcədə olub – premyer-liqada və başqa turnirlərdə qalib gəlmək tələb olunur. Burda müqavilənin hansı müddətə nəzərdə tutulmasının elə bir fərqi yoxdu. Lap 10 illik müqavilə imzalasan da, vəzifənin öhdəsindən gələ bilməsən, işini itirəcəksən”.
Xunior Firpo, “Lids”in müdafiəçisi: “Sabiq klubumda haqsızlığa məruz qaldığımı düşünürəm. “Barselona”da mövqeyində dünyanın ən yaxşıları olan futbolçularla birlikdə oynadım. Əla təcrübə idi, amma meydanda daha çox olmaq istərdim (Firpo ötən mövsüm La Liqada 7 matçda meydana çıxıb və 1 qol vurub – R.Y.). Məncə, daha çox oynamağa layiq idim, ancaq mənə şans vermədilər”.
Canluici Buffon, “Parma”nın qapıçısı: “Karyeramda ikinci dəfə B seriyasına qayıdıram. Vaxtilə bu liqaya dünyanın ən yaxşı qapıçısı kimi gəlmişdim (o, B seriyasında ilk dəfə 2006/07 mövsümündə “Yuventus”un formasında çıxış edib – R.Y.). İndi, 43 yaşım olanda niyə bunu etməyim? Mənim dəyərlərim dəyişməzdi. “Parma” mənim üçün dəyərli klubdu. Hətta bu komanda həvəskarlar liqasında çıxış etsəydi belə, yenə “Parma”nı seçərdim”.
Toni Kroos, “Real”ın yarımmüdafiəçisi (PSJ-nin hücumçusu Kilian Mbappenin Madrid klubuna keçə biləcəyi haqda yayılan xəbərlərə münasibəti): “O, transfer bazarının ən maraqlı oyunçusudu və heç də ucuz deyil. Mən artıq konkret sövdələşmələr haqqında danışmağı üstün tuturam. Amma “Real” hər zaman ən yaxşısını istədiyi üçün Mbappenin komandamıza keçəcəyinə təəccüblənmərəm”.
RAMİL YUSİFOV hazırladı