“İmarət” AEL-in futbolçularını təzyiq altında saxlayacaq
Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk matçında Cənubi Kipr təmsilçisi AEL “Qarabağ”la heç-heçə etdi.
Oyun ərzində Limassol klubunun azarkeşləri “köhlən atlar”ın üzvlərini təzyiq altında saxladılar. Hətta sonda ağdamlıların baş məşqçisi Qurban Qurbanovla cənubi kiprlilər arasında münaqişə də yaşandı. Hazırda “Qarabağ” fanatlarında AEL-ə yönələn aqressivlik var. Onlar cavab görüşünə xüsusi hazırlaşırmı? Larnakada yaşanan olayların cavabı necə olacaq?
Suallarımızı “İmarət”in idarə heyətinin üzvü Elnur Quliyevə ünvanladıq. Azarkeş qrupunun rəsmisi oyun ərzində etik çərçivədən kənara çıxmayacaqlarını söylədi:
“Qurban müəllim baş verən hadisələrdən sonra maraqlı açıqlama ilə diqqəti çəkdi. O bildirdi ki, biz bütün hallarda idman prinsiplərinə əsaslanaraq hərəkət etməliyik. Hətta elə olur ki, insan özünü cilovlaya bilmir. Buna baxmayaraq, yenə də bizə yaraşanı etməliyik. Bizə yaraşan da idman prinsiplərinə əməl etməkdi. Bunu da “Qarabağ” azarkeşləri bacarır. “İmarət” ancaq tribunada yerini alacaq. Onlara komandamıza dəstək olaraq basqı edəcəyik. Burdan digər azarkeşlərə səslənirəm. Hansı ki, “İmarət”in üzvü olmasalar da, qəlblərində “Qarabağ” sevgisi var. Oyuna gəlsələr, rəqibi basqı altında saxlasınlar. Komandamıza ən böyük dəstək belə olar. Qalib gəlmək üçün rəqibi daim təzyiq altında saxlamalıyıq. Amma yenə deyirəm, əlimizdə bayraq idman prinsiplərinə riayət etməliyik. Sürprizlərimiz də olacaq. Amma başqa nəsə olacaqsa, bunu hamı oyun ərzində, ya da sonra görəcək”.
İLKİN SULTANLI