
Aktual
285
10.08.2021, 16:40
“Hər iki tərəf üçün yeniliyin olması vacib idi” - Rasim Mövsümzadə
21 il formasını geyindiyi “Barselona”dan ayrılan Lionel Messi həm yerli, həm də xarici mətbuatın diqqət mərkəzindədi.
Böyük dəyişikliyin tərəflərə müsbət və mənfi təsirləri haqda fərqli fikirlər var. Bəziləri Messisiz “Barselona”nın iddiasının qalmadığını, eyni ilə də argentinalı futbolçunun yeni klubu PSJ-də uğursuz olacağını düşünür.
Məsələ ilə bağlı tanınmış jurnalist Rasim Mövsümzadənin fikirlərini öyrəndik. Həmkarımız “Football-plus.az” saytına bunları söylədi:
"Vaxtilə Avropa və dünyanın ən yaxşı klubu olan “Barselona” (2006-15-ci illərdə 4 dəfə Çempionlar Liqası kubokunu qazanıb) 2015-ci ildən sonra Çempionlar Liqasında çempionluğa həsrətdi və bu müddətdə cəmi bir dəfə yarımfinala çıxıb. Üstəlik, iki mövsümdü La Liqada çempion titulu da “Barsa” üçün əlçatmazdı. Lionel Messi də son iki mövsümdə klub yarışlarında ümumi məhsuldarlıq baxımından 40 qol səddini keçə bilməyib, Çempionlar Liqasında da, uyğun olaraq, 3 və 5 qol vurub. Argentinalı futbolçuya yaraşmayan rəqəmlərdi. Transfer dəyəri də 80 milyon avroya düşüb ki, bu da hazırda dünyada 16-21-ci göstəricidi. Ona görə də hər iki tərəf üçün yeniliyin olması vacib idi. Düzdü, Messinin gedişi hələ ötən il gündəmə gəlsə də, məsələ indi reallaşır. Nəticələrə baxsaq, ötən mövsüm “Barselona” argentinalının oynamadığı 7 oyunda 5 qələbə və 2 heç-heçəyə imza atıb. Ona görə də Messinin yoxluğu “Barsa”nın futboldankənar işlərinə təsir edə biləcəksə də, meydandakı nəticələrin uğursuz olacağına inanmıram. Messiyə gəlincə, o son illər inkişafda və maliyyə baxımından daha yaxşı vəziyyətdə olan PSJ-ə keçir. Fransa çempionatında, yəqin ki, problem yaşamayacaq. Əsas hədəfi isə Kriştiano Ronaldonun “Yuventus”la hələ əldə edə bilmədiyi, Paris klubunun (elə Messinin özünün də) həsrətini çəkdiyi Çempionlar Liqasını qazanmaq olacaq. Müqayisə üçün deyim ki, Ronaldo 5 dəfə Çempionlar Liqasının qalibi olubsa, Messinin 2005/06 mövsümündə 1/4 final, yarımfinal və finalda oynamadığını nəzərə alsaq, 3 Çempionlar Liqası çempionluğunda əməyi var. Deməli, rəqabət davam edir”.
SƏNƏM FƏRHADOVA