''Qalatasaray''ın transferini bitirmək üzrə olduğu ''Kopenhagen''in müdafiəçisi Viktor Nelsson ''Milliyət'' nəşrinə qısa açıqlama verib.
22 yaşlı danimarkalı ''Qalatasaray''a gəlirsənmi'' sualına ''bəli'' cavabını verib.
''İstanbula nə vaxt gələcəksən'' sualına yalnız gülümsəməklə kifayətlənən futbolçu ''Qalatasaray'' forması ilə isə hələki şəkil çəkdirmək istəməyib. Nelsson ötən həftəsonu ''Kopenhagen''in ''Brondbü''nü 4:2 hesabıyla yendiyi oyunda son dəqiqələrdə meydana çıxmış və bu klubda son matçını keçirərək fanatlarla sağollaşmışdı. ''NTV Spor''un məlumatına görə İstanbul nəhəngi Danimarka klubuna 7 milyon avro və bonuslar ödəyəcək. Bu məbləğ hissə-hissə bir neçə il ərzində ödəniləcək. Nelssonla beşillik müqavilə imzalanacaq. Onun illik məvacibi isə bonuslarla birlikdə 1,5 milyon avro olacaq.
Qeyd edək ki, ''Norşellann''ın yetirməsi olan Nelsson ilk peşəkar müqaviləsini də bu klubla imzalayıb. 2019-da ''Kopenhagen'' onu 3,6 milyon avroya transfer etmişdi. Həm müdafiənin mərkəzində, həm də dayaq yarımmüdafiəçisi kimi oynamağı bacaran Nelsson ''Kopenhagen''də 86 rəsmi oyuna çıxaraq 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, Danimarka yığmasının formasını isə cəmi 1 oyunda geyib. Viktor Nelsson ''Qalatasaray''ın bu yay Aytac Kara, Alpaslan Öztürk, Barış Alpər Yılmaz, Saşa Buy, Aleksandru Çikaldau, Berkan Kutlu və Patrik van Anholtdan sonra heyətinə qatacağı 8-ci futbolçu olacaq.