''Beşiktaş'' sabiq məşqçisi Abdulla Avcı ilə təzminat məsələsində uzun müddətdi davam edən problemə son qoyulduğunu açıqlayıb.
İstanbul nəhəngi hazırda ''Trabzonspor''u çalışdıran 58 yaşlı mütəxəssisə 20 milyon 12 min 192 lirə (təxminən 1,97 milyon avro) təzminat ödəyib! Xatırladaq ki, Avcı Fikrət Ormanın başqanlığı dönəmində - 2019-un yayında ''Qartal''ın başına keçmişdi. Onun ilk gündən fanatlarla ulduzu barışmamış və nəticədə Avcı dönəmi cəmi 239 gün davam etmişdi. Komanda bu müddətdə 28 rəsmi oyundan 11 qələbə, 3 heç-heçə, 14 məğlubiyyətlə ayrıldı. Rəhbərlik müqaviləni birtərəfli qaydada pozduğu üçün Avcı üçillik təzminat tələb edirdi. O vaxtdan bu yana, yəni ilyarımdı davam edən bu məsələ başa çatdı.
Bu arada ''Beşiktaş''ın ünlü ''Çarşı'' fanat qruplaşması Avcı ilə bağlı sərt bir bəyanat yayıb. Qruplaşma belə desək, təzminatı təcrübəli məşqçinin burnundan gətirərək bunları yazıb:
''Klubumuz Fikrət Ormanın rəhbərliyində imzalanan xəyanətə bərabər müqavilənin şərtlərinin nəticəsi kimi Abdulla Avcıya 20 milyon lirə ödədi.
*Orhan Ak kimi birinə şanlı ''Beşiktaş''da yer etməyə çalışsa da, fanatlar buna imkan vermədi.
*Vəzifədə olduğu müddətdə superliqa və avrokuboklarda bir çox kluba ''Beşiktaş'' üzərində hətta yuxularında belə görməyəcəyi qələbələr qazanmağa imkan verərək oyunlardan sonra hər şeydə ''futbol geometriyasını'' günahlandırdı.
*Özünün heç vaxt avrokuboklarda yarışacaq özgüvəni olmadığı üçün 117 illik ''Beşiktaş''da da eyni taktikanı sınadı. AL-in qrup mərhələsində çıxdığı 6 oyunda 15 qol buraxıb 5 məğlubiyyət yaşayaraq rəzalətlərə imza atdı.
*Türkiyə kubokunda aşağı liqa klubuna hər iki oyunda uduzaraq mübarizəni dayandırdı.
*Oyanarkən başının üstündə gördüyü ''Beşiktaş'' emblemini ən pis təmsil edən məşqçi oldu. Bütün bu rəzilliklərə rəğmən istefa vermək qüdrətinə malik olmadığı üçün qovuldu.
*15 ildi karyerasında ''çempionluğa oynamaq'', ''etikadan danışmaq'', eləcə də müasir futbol terminlərini matçlardan öncə və sonra dilə gətirməkdən başqa heç bir uğuru olmayan Avcıya nuş olsun''.