''Fənərbaxça'' yeni mövsümə hazırlıq çərçivəsində sonuncu – 7-ci yoxlama matçını keçirib.
İstanbul nəhəngi superliqanın debütantı ''Girəsunspor''la qarşılaşıb. Girəsunda yerləşən ''Çotanak'' stadionunda keçirilən görüşdə ''Fənər'' 3:1 hesabıyla qalib gəlib. Vitor Pereyra bütün hazırlıq dönəmində olduğu kimi bu matçda da komandasını 3 mərkəz müdafiəçili sistemlə, daha dəqiq desək 3-4-2-1 sistemi ilə meydana çıxarıb. ''Sarı-lacivərdlilər''in qollarını 22-ci dəqiqədə Salai, 44-cü dəqiqədə Sərdar Dursun və 76-cı dəqiqədə Valensiya vurub. Meydan sahiblərində isə 60-cı dəqiqədə Pelupessi fərqlənib. Bununla da ''Fənər'' bu yay oynadığı 7-ci hazırlıq matçında da uduzmayaraq bu dönəmi məğlubiyyətsiz bitirib (5 qələbə, 2 heç-heçə) və mövsümöncəsi fanatlarını ümidləndirib.
Yeri gəlmişkən, Girəsundakı matçın gedişində qəribə bir hadisə baş verib vu bununla bağlı video sosial şəbəkələrdə də paylaşılıb. ''Fənər''in ehtiyat oyunçular skamyasının arxasındakı tribunada əyləşən bir azarkeş israrla Pereyraya ingilis dilində 4-4-2 qışqıraraq portuqaliyalıdan sistemi dəyişməyi tələb edib. Bundan hiddətlənən Pereyra isə üzünü həmin azarkeşə çevirərək əsəbi şəkildə ona ''yum ağzını'' deyib.