Premyer-liqanın başlamasına 1 həftə qalmış klublarımız son hazırlıq oyunlarını keçiriblər.
Dünən baş tutan qarşılaşmada "Zirə" ilə "Sumqayıt" üz-üzə gəlib. "Kimyaçılar"ın 1:0 hesablı qələbəsi ilə başa çatan matçdan sonra qalib tərəfin baş məşqçisi Ayxan Abbasov"Football-plus.az" saytına fikirlərini bölüşüb:
“Konfrans Liqasında məğlub olduqdan sonra futbolçuları istirahətə göndərdim. Düşünürəm ki, hər iki komanda tərəfdən həm taktiki, həm də fiziki cəhətdən maraqlı oyun oldu. Ümumilikdə komandamdan razı qaldım. Amma hələ də bəzi futbolçular istədiyimiz formaya çatmaq üçün bir az da hazırlaşmalıdılar. Bilirsiz ki, çempionata 11-12 oyunçu ilə hazırlaşmaq çox çətindi. Digər futbolçularımızı da iş başında görmək istəyirik. Bu baxımdan bizə görə normal oyun oldu. İstirahətdən sonra ağır “Keşlə” səfərimiz var. Çempionata uğurlu star vermək istəyirik.
- Bu oyun da göstərdi ki, hücum xəttində çatışmazlıq var. Bunu necə aradan qaldıracaqsız? Artıq gələn həftə çempionat start götürür...
İlk növbədə bildirim ki, hücum potensialı oyundan-oyuna artacaq. Ötən qarşılaşmalara nisbətən bu gün daha yaxşı çıxış etdiyimizi gördüm. Amma yenə də daha yaxşı olması üçün hücumda rəqabətin vacibliyini düşünürəm. Futboçularımızın çempionatın ab-havasına düşməsi üçün bir-iki tur çətinliyimiz olacaq.
- Meydanda yeni oyunçu gördük. İlk hissədə müdafiənin sağında çıxış edirdi. Yeni transferdi, yoxsa hələ baxışdadı?
Gənc futbolçudu, İrandan gəlib. Oyununu bəyənib komandaya çağırmışıq. Hələ baxışdadı.Bilirsiz ki, biz gənc futbolçulara üstünlük verməyə çalışan komandayıq.
SƏNƏM FƏRHADOVA