
''Fənərbaxça'' 2 gənci və koreyalını transfer etdi
''Fənərbaxça'' gələcəyə hesablanmış transferlərini davam etdirir.
"Football-plus.az"ın məlumatına görə, 19 yaşlı Çağtay Kurukalıpın ardından İstanbul nəhəngi daha 2 gənc oyunçu transfer edib. Söhbət ''Gənclərbirliyi''nin 17 yaşlı istedadlı mərkəz müdafiəçisi Emir Ortakaya və ''Bursaspor''un 21 yaşlı vingeri Burak Kapacakdan gedir. Ortakaya ilə üçillik müqavilə imzalanıb. Bu oyunçunun əvəzində ''Fənər'' ötən mövsümü icarə əsasında ''Vesterlo''da keçirən Barış Alıcını daimi əsasda ankaralılara verib. Burak Kapacaka gəlincə istedadı ilə çoxdan adından söz etdirmiş bu futbolçu ilə beşillik müqavilə imzalanıb. Əslində onun ''Bordo''ya keçəcəyi gözlənilirdi. Amma başqan Əli Koç əvvəlcə ''Bursaspor'' sonra oyunçunun özü ilə anlaşa bilib. Keçidin maddi detalları açıqlanmasa da, Türkiyə mətbuatının yazdığına görə bu transfer ''sarı-lacivərdlilər''ə 1,3 milyon avroya başa gəlib. Bu futbolçunun sonrakı satışından əldə olunacaq pulun 25 faizi bursalılara çatacaq. Bundan başqa ''Fənər'' icarə əsasında ''timsahlar''a 2 oyunçu da verəcək. ''Bursaspor''un öz yetirməsi olan Burak indiyə qədər bu klubda 83 rəsmi matçda 7 qol, 15 məhsuldar ötürməylə fərqlənib. Kapacak yeni klubunda ''77'' nömrəli formanı geyəcək.
Bundan başqa ''Fənərbaxça'' koreyalı Kim Min Çjeni transfer etmək üzrədi. 1996-cı il təvəllüdlü müdafiəçi bu gün İstanbula gəlib. Tibbi müayinədən keçdikdən sonra sabah onunla rəsmi müqavilə imzalanacaq. Çje 2019-un yanvarından bu yana ''Beytsin Qoyan''ın şərəfini qoruyurdu. Klub bu futbolçunu 5,25 milyon avroya transfer etmişdi. Kim Min Çje həm də Cənubi Koreya yığmasının üzvüdü. 190 sm boya malik mərkəz müdafiəçisi cəldliyi ilə seçilir. Çje ''Beytsin Qoyan''da 60 rəsmi oyunda 3 qol, 1 məhsuldar ötürməylə yadda qalmışdı. Yığmada isə 32 oyuna çıxıb və 3 qol vurub.