İspaniya La Liqasının prezidenti Xavyer Tebas bir müddət əvvəl yaradılan, dərhal da süqut edən Avropa Superliqası ilə bağlı ideyaya toxunub.
Xatırladaq ki, bir neçə gün əvvəl Madrid məhkəməsi UEFA-nın apellyasiyasını rədd edib və bildirib ki, klublar buna görə sanksiyaya məruz qala bilməz.
Tebasın fikirləri:
“Birincisi, işə elə əvvəlki hakim baxıb. Əlbəttə, o belə qərar verəcəkdi. Həmin hakim məsələ ilə bağlı mövqeyini açıqlamışdı. Aydındı ki, fikrini dəyişmək niyyəti yoxdu. Fikrini dəyişsəydi, gülməli olardı. Fikrimcə, bütün bu hadisələr gülməlidi. Hakim qərarını dəyişsəydi, daha da gülməli olardı. Bu üç klub (“Real”, “Barselona” və “Yuventus”u nəzərdə tutur – red.) get-gedə daha səxavətli olur. İndi onlar Liqalarla birgə çalışmaq, UEFA və FİFA ilə əməkdaşlıq, dünya futbolu ilə bağlı problemləri necə həll edə biləcəyimiz haqda danışır. Ən azı birgə işlə bağlı danışırlar. “Real”ın prezidentinin “El Chiringuito”nun efirində dediyi sözləri xatırlayıram. Bizə narahat olmamağı məsləhət görürdü, hər şeyi təşkil edəcəyini, təşkilatının hamıya kömək göstərəcəyini deyirdi. İndi onlar ən azı doğru istiqamətdə addımlayırlar”.
La Liqa ilə bağlı daha bir maraqlı xəbər var. Bu liqanın rəhbərliyinin CVC investisiya fondu ilə bağladığı müqaviləyə əsasən top-klublara çatacaq paranın məbləği bəlli olub. Xatırladaq ki, La Liqa bir neçə gün əvvəl 10 faizlik payın fonda 2,7 milyard avroya satıldığını elan edib, bu pulun 90 faizi klublara çatacaq. “Marca” xəbər verir ki, anlaşma La Liqa klublarının assambleyasında ratifikasiya olunandan sonra “Barselona” 270, “Real” 261 milyon avro alacaq.
Pullar komandaların son 7 ildəki idman nəticələrinə əsaslanan teleyayın hüququnun satışından əldə olunan gəlirlər nəzərə alınmaqla bölünəcək. İnvestisiyanın 15 faizini transferlərə və ya futbolçularla yeni müqavilələrin imzalanmasına xərcləmək olar. Qalan məbləğdən isə infrastrukturun – stadionların, məşq bazalarının və s. – yaxşılaşdırılması məqsədi ilə yararlanmaq mümkündü.