
''Sivasspor'' Türkiyə futbolunu batmağa qoymur
2021/22 mövsümü UEFA-nın əmsallar cədvəli baxımından Türkiyə futbolu üçün çox vacib bir dönəmdi.
Bu həftə oynanılan matçların ardından Türkiyə yenidən Çexiyanı 17-ci pillədən sıxışdırmağa müvəffəq oldu. Amma qardaş ölkə 2021/22-ni mütləq ilk ''15-lik''də tamamlamalıdı. Əks təqdirdə 2023/24-də Türkiyə Avropaya indiki kimi 5 yox, yalnız 4 klub göndərə biləcək. Yəni Çempionlar Liqasında bu ölkədən yalnız bir klub olacaq. Avropa Liqasında isə ümumiyyətlə olmayacaq.
Belə bir vacib məqamda ''Sivasspor'' mühüm qələbələr qazanmaqla ölkə futbolunun nüfuzunu az qala təkbaşına çiynində daşıyır. Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Moldova təmsilçisi ''Petrokub''u hər iki oyunda məğlub edən ''yiğidolar'' 3-cü təsnifat mərhələsinin ilk oyununda Batumidə ''Dinamo'' üzərində də əzmkar qələbə qazandılar. Başqa sözlə desək, bu mövsüm əmsallar cədvəlində Türkiyənin aktivində olan 1600 baldan 600-nı tək ''Sivasspor'' qazanıb! 1000 baldan 800-ü ''Beşiktaş'' ÇL-in qrup mərhələsində oynayacağı üçün bonus kimi Türkiyəyə verilib.
Yerdə qalan 200 bal isə ''Trabzonspor''un ''Molde'', ''Qalatasaray''ın da ''Sent Conston''la bərabərə qalması sayəsində toplanılıb. Ən diqqətçəkən fakt odu ki, Türkiyə klublarının avrokuboklardakı son 14 matçda əldə etdikləri 5 qələbənin hamısı ''Sivasspor''un payına düşür! Bundan başqa ötən mövsümü də nəzərə alsaq, sivaslıların rəsmi matclardakı məğlubiyyətsiz seriyası artıq 20 oyuna bərabərdi (13 qələbə, 7 heç-heçə). Rza Çalımbayın komandası sonuncu dəfə fevralın 11-də evdə ''Antalyaspor''a uduzub (0:1).