Azərbaycan yığması Tokio-2020-də çıxışını başa vurub.
"Football-plus.az"ın məlumatına görə, 1996-cı ildən Yay Olimpiya Oyunlarına qatılan millimiz tarixində ikinci dəfə qızıl medal qazana bilməyib. İdmançılarımız Yaponiyanın paytaxtında təşkil olunan yarışı üç gümüş və 4 bürünclə bitirib. Komandamızın heyətində karateçilər Rafael Ağayevlə İrina Zaretska və sərbəst güləşçi Hacı Əliyev finalda uduzaraq, qızıl medalın bir addımlığında büdrəyib.
Cüdoçu İrina Kindzerska, boksçu Alfonso Dominges, yunan-Roma güləşçisi Rafiq Hüseynov və qadın güləşçisi Mariya Stadnik fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Belə hal 25 ildən sonra təkrarlanıb. Bunadək Azərbaycan idmançıları yalnız debüt etdiyi Atlanta-1996-da qızıl medalsız qalmışdı. Sonrakı bütün Olimpiadalarda ölkəmizin himni səsləndirilib.
Olimpiya çempionlarımız:
Sidney-2000: Namiq Abdullayev (sərbəst güləş), Zemfira Meftəhətdinova (stend atıcılığı)
Afina-2004: Fərid Mansurov (yunan-Roma güləş)
Pekin-2008: Elnur Məmmədli (cüdo)
London-2012: Toğrul Əsgərov və Şərif Şərifov (hər ikisi sərbəst güləş)
Rio-2016: Radik İsayev (taekvondo)
İSMAYIL XEYRULLAYEV