
Dünya futbolu
216
7.08.2021, 12:00
Qvardiola Messinin mümkün transferi haqda danışdı
''Mançester Siti''nin baş məşqçisi Xosep Qvardiola Cek Qrilişin transferi, Harri Keynin durumu və Lionel Messinin ''Barselona''dan ayrılması haqda danışıb.
Xatırladaq ki, ''Siti'' Qrilişə görə ''Aston Villa''ya 100 milyon funt sterlinq ödəyib. Qvardiolanı dinləyək:
''Qriliş sol vinger və oyun qurucusu da daxil olmaqla bir çox mövqelərdə əla oynamağı bacarır. Oyun tərzimizə uyğun gələn və mükəmməl özəllikləri olan futbolçudu. Zatən güclü oyunçudu. Amma bizimlə birlikdə tamamilə yeni səviyyəyə yüksələcəyinə inanıram. Bu yay akademiyamızdan təxminən 60 milyon funt sterlinqlik satış həyata keçirmişik. Ona görə də bu transfer əslində bizə 40 milyona başa gəlib. Yoxsa biz Qriliş üçün 100 milyon ödəyə bilməzdik. Qarşıdakı 7-8 ili burda keçirə bilər. Tək istedadı ilə seçilən yox, psixoloji cəhətdən də güclü olan futbolçu almışıq. Bernardo Silva müqaviləylə bizə məxsus olsa da, ayrılmaq istəyir. Tək o yox, daha 3-4 oyunçu ayrılmaq barədə düşünür. Amma bunun üçün bizə sərf edən təklif gətirməlidilər. Bunu etməsələr bizimlə çalışmaqda davam edəcəklər. Amma digər tərəfdən burda xoşbəxt olmayan oyunçunu komandada görmək istəmirəm! Keyn müqaviləylə ''Tottenhem''ə məxsusdu və londonlular istəsələr, danışıqlara başlaya bilərik. Qrilişin durumu fərqli idi. Onun müqaviləsində satış maddəsi var idi və biz də təzminatı ödəyərək bundan yararlandıq. Keyndə isə hər şey ''Tottenhem''in özündən asılıdı. ''10'' nömrəli formanı Qrilişə verdik, çünki Messinin ''Barselona''da qalacağını düşünürdük. Leo hazırda planlarımıza daxil deyil. Bir ''Barselona'' azarkeşi kimi Messinin komandada qalmasını çox istərdim. Amma klubun maddi durumu da buna uyğun olmalıdı. Messiyə ''Barsa'' üçün etdiklərinə görə təşəkkürümü bildirirəm. O, komandanı tamamilə başqa bir səviyyəyə qaldırdı. 10 il boyunca ''Barsa''nı dünyanın zirvəsində saxladı. Messi heç vaxt unudulmayacaq''.