
Rafael Ağayev gümüş medal qazandı - YENİLƏNİB
Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.
6 avqust
Kişilər, 75 kq
B qrupunda çıxış edən Rafael ilk döyüşündə Noa Biçlə (Almaniya) görüşüb. İdmançımız 2:1 hesabı ilə qalib gəlib.
Ağayev ardınca Çuneari Yahiro (Avstraliya) ilə qarşılaşıb. Həmyerlimiz növbəti dueldən də qalib ayrılı - 5:0. Karateçimiz üçüncü cəhdində Nurkanat Ajiqanovu (Qazaxıstan) sınağa çəkib. Rəqibini 3:2 hesabı ilə məğlub edən Rafael son turun nəticəsindən asılı olmayaraq yarımfinala vəsiqə qazanıb. O, bu nəticə ilə özü üçün ən azı bürünc medalı da təmin edib.
Təmsilçimiz son görüşdə yarışın digər favoriti Luici Busa (İtaliya) ilə döyüşüb. Görüş italiyalının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Dünya çempionumuz qrupu 6 xalla 2-ci pillədə başa vurub. O, yarımfinalda digər qrupun birincisi macarıstanlı Qabor Harspataki ilə üz-üzə gəlib. Ağayev rəqibini 7:0 hesabı ilə məğlub edərək, finala yüksəlib. Yekunda italiyalı karateçi 1:0 hesabı ilə qalib gələrək Olimpiya çempionu olub.