Qadın voleybolçulardan ibarət millimizin üzvü Anastasiya Bayduk Avropa çempionatına hazırlıqla bağlı fikirlərini bölüşüb.
O, Voleybol Federasiyasının rəsmi saytına açıqlamasında hər şeyin plan üzrə getdiyini deyib:
“Avropa çempionatının startına çox az vaxt qalıb. Hazırlıq Macarıstanda davam edir. Düşünürəm ki, turnirdə yaxşı oyun göstərəcəyik. Çünki hazırlığın ilk günündən bizim üçün lazımi şərait yaradılıb. Toplanış müddətində məşqlərlə yanaşı, yoxlama oyunları da keçiririk”.
Onun rəqiblər haqda fikirləri isə belə olub:
“Hamı qrupumuzu “ölüm qrupu” adlandırır. Düzdü, rəqiblər güclü və təcrübəlidi. Onlara qarşı çıxış etmək çətin olsa da, bir o qədər də maraqlıdı. Avropa çempionatında zəif komanda olmur və hamının məqsədi qalib gəlməkdi. Fransa millisi ilə Qızıl Avropa Liqasında qarşılaşmışıq. Həmin yarışda onlara uduzmuşduq. Amma komandamız hazırda daha yaxşı formadadı. Düşünürəm ki, Avropa çempionatında Fransa və Bosniya və Hersoqovina yığmalarına qalib gələcəyik. Komandamıza uğurlar arzu edirəm".
Qeyd edək ki, yığmamız yer aldığı A qrupunda həmçinin Belçika, Rusiya və meydan sahibi Serbiya ilə qarşılaşacaq. Avropa çempionatının final mərhələsi avqustun 18-də start götürəcək və sentyabrın 4-də yekunlaşacaq. Yarışda 24 komanda 4 qrupda mübarizə aparacaq.