Sabah Su İdman Oyunları Sarayının mini-futbol meydanında Azərbaycan veteranları ilə Qarabağ veteranları arasında yoldaşlıq matçı baş tutacaq.
Veteranlar İttifaqının rəhbəri Oqtay Abdullayevin “Football-plus.az” saytına verdiyi məlumata görə, qarşılaşma “Qarabağ Azərbaycandı” şüarı altında keçiriləcək:
“Qarabağ Azərbaycandı” şüarı altında keçiriləcək qarşılaşmanı hələ bir müddət öncə keçirməyi planlaşdırmışdıq. Sadəcə, bəzi komandalarımızın təlim-məşq toplanışına başlaması, veteran futbolçularımızın əksəriyyətinin həmin klublarda çalışması üzündən görüşün vaxtını ertələməyə məcbur olduq. Bu oyunda Azərbaycan veteranları ilə “Qarabağ”ın veteranları üz-üzə gələcək. Hər iki komandanın heyətində tanınan sabiq futbolçular çıxış edəcək. Qurban Qurbanov, Rəşad Sadıqov, Zaur Ramazanov, Tərlan Əhmədov və adını çəkmədiyim bir çoxları meydana çıxacaq”.
Oqtay Abdullayev belə tədbirlərin davamlı olacağını söylədi:
“Veteranlar İttifaqı “Qarabağ Azərbaycandı” şüarı altında silsilə matçlar keçirməyi planlaşdırır. Ola bilsin, bu oyunların bəzilərini bölgələrdə təşkil etdik. 44 günlük Vətən müharibəsində Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun qazandığı qələbələri, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunmasını hamı kimi biz veteranlar da böyük fəxrlə qarşıladıq”.
RƏŞAD